"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib
Lerik rayonunda IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondu, və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi keçirilib.
60-a yaxın məktəblinin iştirak etdiyi yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasından ibarət olub.
Üçgünlük təşkil olunan yay düşərgəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təlimçiləri tərəfindən Qafqaz bəbirlərinin populyasiyasının bərpası və mühafizəsi istiqamətində maarifləndirici təlimlər keçirilib.
Düşərgənin ilk günü iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər.
Düşərgənin ikinci günündə iştirakçıların Zuvand Dövlət Təbiət Yasaqlığına, o cümlədən Günəşli şəlaləsinə ekskursiyası təşkil olunub. Daha sonra gənclər heyvan izlərinin və bitki növlərinin təyin edilməsi ilə bağlı praktiki işlərə qoşulublar.
Düşərgənin üçüncü günü, məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi nümayiş olunub, “bəbirləri qoruyaq” adlı ekoloji oyun keçirilib. Oyun zamanı iştirakçılar komandalara bölünərək bəbirlərin qanunsuz ovlanmadan xilas edilməsi yollarını tapmağa çalışıblar.
Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
