“Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimatı keçirilib
İyunun 8-də Bakı Dövlət Universitetinin (BDU) nəşr etdirdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib. Rektor Elçin Babayev qeyd edib ki, kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir.
Elçin Babayevin sözlərinə görə, Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının nəşri ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qəbul olunmalıdır. Kitabın yüksək peşəkarlıqla hazırlandığını deyən nazir müavini bildirib ki, müasir Azərbaycan tarixi gənclərin formalaşmasında böyük əhəmiyyətə malikdir.
Hazırda bütün sahələrdə Azərbaycanın sürətli inkişafının müşahidə olunduğunu vurğulayan Firudin Qurbanovun sözlərinə görə, bir ildən çoxdur tarixi qələbəmizi qazanmışıq. Bütün bunlar kitabda sistemli əks olunub. Gənclər tariximizi dərindən öyrənməlidirlər. Bu kitabla tanış olduqca görürük ki, Azərbaycan nə qədər çətin yol keçib. Kitabın üstünlüyü ondadır ki, bu çətinliklər gizlədilməyib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin bu çətinliklərin öhdəsindən necə məharət və uzaqgörənliklə gəlmələri kitabda çox ətraflı əks olunub. Kitab gənclərin vətənpərvərlik ruhunda inkişafına imkan verəcək. Təhsil müəssisələrində bu tarixin öyrənilməsinə böyük diqqət yetiriləcək.
Nazir müavini çıxışının sonunda kitabın ərsəyə gəlməsinə görə BDU rəhbərliyinə və kitabın müəllifinə təşəkkür edib.
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə çıxışında kitabın siyasətçilər, politoloqlar, tarixçilər, tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, kitabın I fəslində Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi, demokratik islahatlar ətraflı əks olunub.
BDU-nun professoru, akademik Rafael Hüseynov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri, akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, BDU-nun professoru, Milli Məclisin üzvü Musa Qasımlı çıxışlarında kitabın Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətini, tariximizin daha dolğun əks olunması yönündə dəyərini vurğulayıblar. Qeyd ediblər ki, kitab yaxın zamanlarda müxtəlif xarici dillərə tərcümə olunmalı, təhsil müəssisələrində geniş tədris edilməlidir.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51 -
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11