"SABAH qrupları" layihəsi çərçivəsində idman yarışlarının açılış mərasimi
Aprelin 4-də "SABAH qrupları" layihəsi çərçivəsində idman yarışlarının açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra "Müstəqil Azərbaycan idmanının uğurları"na dair videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev deyib ki, bakalavriat səviyyəsi üzrə keçirilən idman yarışlarının əsas məqsədi ölkəmizin idman potensialının gücləndirilməsinə töhfə vermək, xüsusilə tələbələr arasında idmanı təşviq etmək, müxtəlif ixtisaslar üzrə SABAH qruplarının qarşılıqlı inteqrasiyasına rəvac verməkdir. Həmçinin tələbələrin emosional və fiziki inkişafını artırmaq, pandemiya dövründə yaranmış fiziki passivliyin aradan qaldırılmasına təkan vermək və "sağlam bədəndə, sağlam ruh olar" ideyasının təbliği də məqsədlər sırasındadır.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov idman yarışlarının əhəmiyyətindən danışıb. Tələbələrin idmanla məşğul olmasının vacibliyini vurğulayan nazir müavini 44 günlük Vətən müharibəsində qazanılan qələbəni həm də sağlam yetişən gəncliklə əlaqələndirib.
Nazirliyin nəzdində fəaliyyət göstərən idman-şahmat məktəblərinin məzunlarının uğurlarından söz açan Firudin Qurbanov deyib ki, nazirlik idmana hər zaman dəstək olur.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də öz növbəsində idmanın sağlamlıq üçün vacib amil olduğunu qeyd edərək yarışlarda iştirak edən tələbələrə uğurlar arzulayıb.
Tədbirdə qeyd edilib ki, SABAH qrupları (bakalavriat) çərçivəsində ilk dəfə keçirilən idman yarışları idmanın futbol (mini), voleybol, basketbol, şahmat və dama növlərini əhatə edir. Şahmat və dama yarışları ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə, futbol, voleybol və basketbol yarışları isə 28 May - Müstəqillik gününə həsr olunur. Bu yarışlarda SABAH qrupları üzrə 8 baza ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti) müvafiq idman növləri üzrə 300-dən çox iştirakçısı (tələbələr, məşqçilər, hakimlər, tibb personalı, SABAH əməkdaşları və s.) təmsil olunur.
Yarışlarda futbol (mini) üzrə 8 komanda, voleybol üzrə 5 komanda, basketbol üzrə 5 komandanın iştirakı nəzərdə tutulur. Şahmat və dama yarışlarında iştirak üçün hazırda qeydiyyat davam edir. İndiyədək bu idman növlərinin (şahmat, dama) hər biri üzrə ayrılıqda 50 nəfər qeydiyyatdan keçib.
4 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək
12.05.2026 - 12:11 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52
