Təhsil Nazirliyində kollegiya iclası
Oktyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.
Kollegiya iclasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev 2019-2020-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri barədə məruzə edib.
Yaqub Piriyev bildirib ki, cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu proqnozu ötən ilə nisbətən ümumilikdə 6 faiz, dövlət sifarişi ilə qəbul planı isə ötən illə müqayisədə 66,1 faiz artıb (dövlət sifarişi 8 150 yer artaraq 20 474 yer olub). Tələbə qəbulunda proqnoz yerlərinin 84,6 faizi dövlət, 15,4 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrinin qəbul planında nəzərdə tutulmuşdur. Ötən il bu nisbət müvafiq olaraq 85,4 faiz və 14,6 faiz olub.
Aparat rəhbəri müavininin sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələrinin statistik təhlili göstərir ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 28 faiz, dövlət sifarişli yerlərin sayı isə 78,5 faiz artıb. 2014-2015-ci tədris ilində dövlət sifarişli yerlərin sayı qəbul planının 30,4 faiz təşkil etdiyi halda cari ildə bu rəqəm 42,4 faizdir.
Cari ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna toxunan Yaqub Piriyev əlavə edib ki, qəbul planı ötən ilə nisbətən ümumilikdə 8,2 faiz artıb. 56 orta ixtisas təhsili müəssisəsindən Təhsil Nazirliyinin tabeliyində olan 37 kollecə cari ildə tələbə qəbulu göstəricisi ötən illə müqayisədə 6,6 faiz çox olub. Ölkə üzrə dövlət hesabına qəbul planı isə ötən ilə nisbətən 4,6 faiz artıb.
İclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 3 oktyabr 2019-cu il tarixli 428 nömrəli Qərarına dair məruzə ilə çıxış edib. Rauf Orucov bildirib ki, Qərara əsasən dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şöbə müdiri qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir.
Rauf Orucovun sözlərinə görə, bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır.
Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.
Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb
18.12.2024 - 20:35 -
Qrant müsabiqəsi çərçivəsində özəl bağçalara qeydiyyat yenidən başlayıb
18.12.2024 - 15:03 -
Nazir müavini İdris İsayev Hacıqabulda olub
17.12.2024 - 17:30 -
“Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar
17.12.2024 - 17:00 -
“Qalib ölkənin qalibləri“ mükafatlandırılıb
17.12.2024 - 15:54