Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, qardaş ölkədə çoxsaylı azərbaycanlı tələbənin təhsil aldığını nəzərə çatdırıb. Türkiyədə xüsusilə tibb və mühəndislik ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması, ali təhsil sahəsində dərsliklərin, tədris proqramlarının uyğunlaşdırılması, daha çox ehtiyac duyulan ixtisaslar üzrə müəllimlərin Türkiyədən Azərbaycana səfərlərinin intensiv təşkilinə diqqətin artırılması barədə fikirlərini söyləyən nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Türkiyənin Qazi Universitetinin rektoru Rza Ayxan xalqlarımızın ortaq milli, mədəni və tarixi köklərə bağlı olduğunu, bunun dövlətlərarası əlaqələrdə, eləcə də təhsil sahəsində əməkdaşlıqda müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Azərbaycanlı tələbələrin Türkiyə universitetləri ilə daha yaxından tanış olması üçün qardaş ölkəyə səfərlərin təşkili məsələsinə toxunan Rza Ayxan bunun gənclər arasında daha sıx münasibətlərin qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Təhsil sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyən Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək ölkələrimizin gələcəyi baxımından münasibətlərimizin dərinləşməsinin zəruri olduğunu vurğulayıb.
Ölkəmizdə təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə imzaladığı sərəncamın təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını bildirib. Həmçinin nazir Azərbaycanın Boloniya prosesinə qoşulmasının ali təhsil müəssisələrinin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyduğunu, son illər ölkəmizdə yüksək ixtisaslı mütəxəssis hazırlığı işinin səmərəliliyinin artığını nəzərə çatdırıb.
Azərbaycandan xarici ölkələrə göndərilən tələbələrin sayına görə Türkiyənin ilk pillədə olduğuna diqqət çəkən təhsil naziri gələcəkdə qarşılıqlı əməkdaşlığın ən yüksək səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.
Görüşdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov iştirak ediblər.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
