• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

İyulun 25-də “Məktəblinin dostu” layihəsi üzrə keçirilən imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı tədbir keçirilib.

Millət vəkillərinin, təhsil ekspertlərinin, media qurumları rəhbərlərinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbiri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açaraq “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, layihənin əsas məramı müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlərin aparılmasıdır.

Sonra layihənin rəhbəri Rüstəm Ağayev çıxış edərək imtahanların keçirilməsində məqsədin 2019-2020-ci tədris ilindən əhatə dairəsi genişləndirilən “Məktəblinin dostu” layihəsinə  əməkdaşların seçilməsi olduğunu söyləyib. Qeyd olunub ki, imtahanlarda iştirak üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual təqdim edilib. Onların əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd olunub ki, müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” olacaq.

Tədbirdə çıxış edənlər “Məktəblinin dostu”nun şagirdlərin davamiyyətində, məktəblilər arasında pis vərdişlərin aradan qaldırılmasında böyük rolu olacağına əminliklərini bildiriblər.

Sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət”lə birgə həyata keçirilir. Layihə hazırda 35 məktəbdə fəaliyyət göstərir və yeni tədris ilindən etibarən layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır.


5 il əvvəl