Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirən Misir Mərdanov öncə Azərbaycanın təhsil sistemi və görülən işlər barədə məlumat verib. Son 6 ildə ölkə Prezidentinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 mindən çox yeni məktəbin, tədris ocaqları üçün əlavə korpusların tikildiyini, əsaslı təmir olunduğunu nəzərə çatdıran nazir ölkəmizdə təhsil sahəsində əldə edilən nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirib. Təhsilimizin keçdiyi inkişaf yolu, qazanılan uğurlardan söz açan Misir Mərdanov ölkəmizin qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20%-nin işğal olunması, azərbaycanlıların doğma torpaqlarından didərgin düşməsi, buradakı təhsil müəssisələrinin dağıdılması barədə də məlumat verib. Nazir təhsil müəssisələrinin İKT ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərək 1000-dən çox orta məktəbin genişzolaqlı internet şəbəkəsinə qoşulduğunu bildirib.
Misir Mərdanov qonaqlara ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, dünya təhsil sisteminə inteqrasiya yolunda aparılan islahatlar, Azərbaycanın Boloniya prosesinə qoşulması və bu istiqamətdə atılan addımlar haqqında söhbət açaraq qeyd edib ki, hazırda 10 mindən çox azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində, 7 minə yaxın əcnəbi tələbə isə ölkəmizin ali təhsil müəssisələrində təhsil alır. Nazir “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində gənclərimizin müxtəlif ixtisaslar üzrə dünya universitetlərində təhsil aldıqlarını da vurğulayıb.
Hələ Sovet dönəmində ölkəmizin ali məktəblərinin bir çox dünya universitetləri ilə yaratdığı əlaqələrdən, müxtəlif ölkələrdən olan mütəxəssislərin burada çalışmasından bəhs edən Misir Mərdanov bildirib ki, Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin qurulması xalqların bir-birini yaxından tanımasına, təhsil və elm sahəsində yeni nailiyyətlər qazanılmasına səbəb ola bilər.
Səmimi qəbul üçün təşəkkür edən Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh Azərbaycana səfərindən məmnun olduğunu bildirib. U.Cammeh Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin yaradılmasına böyük önəm verdiklərini açıqlayıb və son illərdə öz ölkəsində bu sahədə görülən işləri diqqətə çatdırıb. Ali təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətlərindən söz açan qonaq qambiyalı gənclərin Azərbaycanın universitetlərində, xüsusilə, Azərbaycan Dövlət Neft Akademiyasında, Milli Aviasiya Akademiyasında təhsil almasında maraqlı olduqlarını qeyd edib. U.Cammeh iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın təşəkkül tapacağına əmin olduğunu ifadə edib.
Sonra Qambiya Respublikasının ali təhsil, tədqiqatlar, elm və texnologiyalar naziri Mamadu Tanqara öz ölkəsinin təhsil sistemi, yeni yaradılan universitetlər və digər məsələlərdən söz açıb.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının Qambiyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
