2021/2022-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
2021/2022-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. 2021/2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
2.Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2021-ci ilin avqust ayının 10-dan, məktəb seçimi prosesinə avqust ayının 12-dən başlanılsın.
3. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı prosesin əlaqələndirilməsi “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il 05 fevral tarixli F-34 nömrəli əmri ilə yaradılmış işçi qrupu tərəfindən həyata keçirilsin.
4. Naxçıvan MR-nın Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:
4.1. aidiyyəti yerli təşkilatlarla birgə 2021/2022-ci dərs ilində məktəbəhazırlıq qruplarına qəbul olunacaq 2016-cı ildə anadan olmuş uşaqların sayının dəqiqləşdirilməsi, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrinin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər;
4.2. məktəbəhazırlıq qruplarında məşğələ aparacaq müəllimlərin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar;
4.3. məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrinin lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsinlər;
4.4. məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirildiyini nəzərə alaraq, tabeliklərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılmasını və valideynlərin bu barədə məlumatlandırılmasını təmin etsinlər;
5. Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi (Rəşad Tağıyev), Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu), Təhsil İnstitutu (Rüfət Əzizov) 2021/2022-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbəhazırlıq qruplarının təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatı Təhsilin inkişafı proqramları şöbəsinə və Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsinlər.
6. Maliyyə şöbəsi (Rauf Orucov), Təhsilin inkişafı proqramları şöbəsi (Elvin Rüstəmov), Əsaslı Tikinti və Təchizat İdarəsi (Anar Axundov) ayrılmış büdcə vəsaiti çərçivəsində əmrin 5-ci bəndinin icrası üzrə təqdim olunacaq məlumatlar əsasında dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili ilə bağlı tələb olunan tədris resurslarının və digər malların satın alınması və vaxtında ümumi təhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyəti tədbirlərin görülməsini təmin etsinlər.
7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların elektron sistem vasitəsilə qəbulu üçün proqram təminatı ilə bağlı lazımi tədbirlərin icrasını təmin etsin.
8. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin ümumi təhsil müəssisələrinə və Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
9 avqust 2021-ci il
F-399