Ümumi məlumat
Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir.
Ümumi təhsil sahəsi üzrə fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə, Təhsil Nazirliyinin əmr, sərəncam və kollegiya qərarlarına və digər normativ sənədlərin tələblərinə uyğun olaraq qurulur.
Ümumi təhsil sistemində idarə olunmanın şəffaflığı və demokratikliyi, yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin müstəqilliyi, təlim-tərbiyə ocaqlarında təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, icra intizamı və məsuliyyət mədəniyyətinin formalaşması əsas inkişaf prioritetlərindən hesab olunur.
Ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir:
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və ümumbəşəri dəyərlərə, xalqın adət və ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək;Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Hazırda ölkədə 1.567.016 şagirdin təhsil aldığı 4443 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 4420-si (99,48%) gündüz ümumtəhsil, 7-si axşam-qiyabi, 16-sı isə xüsusi məktəblərdir. Gündüz ümumtəhsil məktəblərindən 3299-u (74,64%) tam orta, 797-si (18,03%) ümumi orta, 324-ü (7,33%) ibtidai məktəblərdir. Bu məktəblərdə 143079 müəllim çalışır ki, onların da 112971(78,95%)-i ali təhsillidir.
Ölkədə 1.428.608 şagird (91,2%) Dövlət dilində - Azərbaycan dilində təhsil alır. 4086 (91,96%) məktəbdə tədris yalnız Azərbaycan, 16 (0,36%) məktəbdə rus, 6 (0,14%) məktəbdə gürcü dillərində aparılır. Digər dillərdə (ingilis, türk, fransız) təhsil alan şagirdlər 0,2 faiz təşkil edir. 312 (7,02%) məktəbdə tədris Azərbaycan-rus, 9 (0,20%) məktəbdə Azərbaycan-rus-ingilis, 3 (0,07%) məktəbdə Azərbaycan-gürcü, 1 (0,02%) məktəbdə Azərbaycan-rus-gürcü dilləri üzrə aparılır.
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Xarici dil olaraq, məktəblərin 3745-də ingilis, 3090-da rus, 344-də fransız, 233-də alman, 16-da ərəb, 8-də isə fars dili tədris olunur.
Azərbaycan Respublikasında azsaylı xalqların dillərinin öyrənilməsi təmin olunur. Belə ki, ölkə üzrə bir sıra bölgələrin ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris edilir. Ləzgi dili 101 məktəbdə (13590 şagird), talış dili 252 məktəbdə (20908 şagird), avar dili 19 məktəbdə (1695 şagird), saxur dili 4 məktəbdə (585 şagird), udin dili 3 məktəbdə (154 şagird), kürd, xınalıq və ivrit dili isə hərəsi 1 məktəbdə tədris edilir. Ümumilikdə milli azlıqlara mənsub 37123 şagird öz ana dilini öyrənir.
Ölkədə 10 məcburi köçkün rayonundan 94173 şagirdin təhsil aldlğı 548 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlar da 34 rayonda yerləşmişdir. Bu məktəblərdə 14002 müəllim çalışır.
Ümumtəhsil məktəblərindən 3084 (69,4%)-də tədris 1, 1348 (30,3%)-də 2, 11 (0,2%)-də isə 3 növbədə aparılır.
2011-2012-ci il dərs ilindən müəyyən edilmiş 5 pilot məktəbin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinə başlanılmış, 2017-2018-ci dərs ilindən isə təmayülləşmənin kütləvi tətbiqinə başlanılmışdır. 2018-2019-cu dərs ilində 722 məktəbin 2140 X-XI sinfində 47930 şagird meyil və maraqlarına görə təmayüllü siniflərdə təhsilə cəlb edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarına əsasən, respublikanın bütün regionları əhatə olunmaqla dövlət ümumi təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları təşkil edilmişdir. 2016-2017-ci dərs ilində 86970 (55%), 2017-2018-ci dərs ilində 93035 (65%), 2018-2019-cu dərs ilində 98871 (75%), 2019-2020-ci dərs ilində 105323 nəfər (84,2%) 5 yaşlı uşaq məktəbəhazırlıq təhsili ilə əhatə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 17.04.2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı(2006-2010-cu illər)”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kiçik Akademiya”ların yaradılması barədə” 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri və “Kiçik Akademiya”lar haqqında Əsasnamə əsas götürülərək hazırda respublikanın bir çox ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir.
Ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələrini bitirən şəxslərə ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat verilir. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə attestatı, yaxud xüsusi nümunəli attestat verilir. Ümumi təhsil haqqında dövlət sənədi – attestat növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
Ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də (məktəbəhazırlıq qruplarında oktyabrın 1-də başlayıb mayın 31-də) başa çatır. Dərs ili birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral -14 iyun olmaqla iki yarımilə bölünür. Dərs ili ərzində 5 gün (15-20 noyabr) payız tətili, 5 gün ( 26 yanvar-31 yanvar) qış tətili, ibtidai siniflər və məktəbəhazırlıq qrupları üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
Son 5 ildə 600-dən çox, 2003-cü ildən bəri isə 3200-dən çox məktəb binası tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
29 mart 2019-cu il tarixində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində qarşıya qoyulmuş hədəflərdən biri də səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanmasıdır. Bununla əlaqədar “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təkmilləşdirilmiş yeni layihə variantı və müvafiq fənlər üzrə kurikulumların layihələri hazırlanmışdır.