Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planlarının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün aşağıdakı tədris planları və onlara dair qeydlər təsdiq edilsin:
1.1. dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planı (1 nömrəli əlavə);
1.2. ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI sinifləri üçün tədris planı (2 nömrəli əlavə);
1.3. ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI sinifləri üçün tədris planı (3 nömrəli əlavə);
1.4. azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (4, 5, 6 və 7 nömrəli əlavələr);
1.5. uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsili üçün tədris planları (8 və 9 nömrəli əlavələr);
1.6. 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərdə qeyd olunan tədris planlarına dair qeydlər (10 nömrəli əlavə).
2. “Bakı şəhəri “Vətən” idman liseyi”, “Bakı şəhəri 1 nömrəli idman liseyi” və “Gəncə şəhəri idman liseyi”ndə ümumtəhsil fənlərinin tədrisi bu əmrin 2, 3 və 10 nömrəli əlavələrinə uyğun təşkil edilsin.
3. “Bakı şəhəri “Vətən” idman liseyi”ndə futbol, “Bakı şəhəri 1 nömrəli idman liseyi”ndə cüdo və badminton, “Gəncə şəhəri idman liseyi”ndə futbol, yunan-Roma güləşi və sərbəst güləş idman növlərinin yaş dərəcələrinə uyğun məşq prosesinin təşkili Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 2001-ci il 19 oktyabr tarixli 8 (b-3) nömrəli Qərarı ilə təsdiq edilmiş normativ əlavələrə uyğun aparılsın.
4. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə (Elxan Nəcəfov) və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsinlər.
5. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
6. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (Qorxmaz Əliyev) tapşırılsın ki, bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
Firudin Qurbanov
Nazir səlahiyyətlərini müvəqqəti icra edən,
nazir müavini
10 avqust 2026-cı il
3-29/3-2-428F/2026
Əlavə:
Tədris planlarına dair qeydlər
