• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2020/2021-ci tədris ili xalqımızın Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində  torpaqlarımızın işğaldan azad olunması, düşmənin silahlı qüvvələrinin darmadağın edilməsi və qələbə ruhlu tədris ili kimi tarixə yazıldı. 

 

2020/2021-ci tədris ili xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi üçün ümumtəhsil məktəblərində tədris uyğunlaşdırılmış tədris planları ilə əyani-distant formada aparılmış, Təhsil Nazirliyinin “2020/2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” 10.09.2020-ci il tarixli, F-420 nömrəli əmrindən irəli gələn vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsi zamanı ölkədə hərbi vəziyyət elan olunduğu zamanda  da mövcud imkanlardan səmərəli istifadə olunaraq təhsilalanlara proqram materiallarını öyrənmələri “Virtual məktəb” platformasından və teledərslərdən yararlanmaqla təhsilin davamlılığı və fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər həyata keçirilmişdir. 

 

Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında hazırlanmış teledərslərin sayı 3413-ə çatdırılmış, AzTV-nin Mədəniyyət və ARB-nin Günəş kanallarında yayımlanmışdır. Nümayiş etdirilən bütün teledərslər Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "Youtube” kanalında da yerləşdirilmişdir

 

Teledərslərdən ölkə üzrə 1.6 milyondan çox şagird faydalanmışdır. Ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb” şagirdlərin və müəllimlərin istifadəsinə verilmiş, cari tədris ilində istifadəçi sayı 1.4 milyondan artıq, müəllim sayı isə 110 mindən çox olmuş, ölkə üzrə müəllimlərin  93%-i, şagirdlərin isə 85%-i bu platformadan yararlanmışlar.      

 

Təlim-tərbiyə prosesinin təşkili zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”  2021-ci il 26 may tarixli 151 nömrəli və “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi əməl edilmişdir.

 

Tədris ili ərzində təhsilalanlara keyfiyyətli təhsil vermək, onlara davam edən pandemiya şəraitində müstəqil öyrənmə bacarıqları aşılamaq, müəllim-şagird, müəllim-valideyn, valideyn-məktəb münasibətlərinə xüsusi önəm vermək diqqətdə saxlanılmışdır.

 

Pandemiya və Vətən müharibəsi zamanı hərbi vəziyyətlə əlaqədar tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi üçün 2021-ci ilin 16-30 iyun tarixlərində ümumi təhsil müəssisələrində I-X sinif şagirdləri üçün yay məktəbi təşkil edilmişdir.

 

Beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində beynəlxalq qiymətləndirmə proqramlarında ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı təmin edilmiş,  TIMSS 2019 beynəlxalq qiymətləndirməsində Azərbaycan riyaziyyat üzrə 58 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır. Azərbaycan 2021-ci ilin birinci yarısında Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunan PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib. Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələri ilə yanaşı, ölkə üzrə 52 region olmaqla 200 məktəb, 5000-dən çox 4-cü sinif şagirdi qiymətləndirmədə iştirak etmişdir.

 

Göstərilənlərə əsasən, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarından irəli gələn məsələlərin icrası məqsədilə və Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2021/2022-ci tədris ilində I-XI siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunsun.

 

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Ümumi təhsilin təşkili və idarəolunması, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələrinə (Orxan Abbasov, Vəfa Yaqublu), Azərbaycan Respublikasının Təhsil İnstitutuna (Rüfət Əzizov) tapşırılsın ki, 2021-ci ildə zonalar üzrə təşkil olunmuş sentyabr konfransları zamanı irəli sürülmüş təklifləri ümumiləşdirib Nazirliyin rəhbərliyinə təqdim olunmasını təmin etsinlər.

 

3.  Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri aşağıda qeyd olunan əlavə tədbirlər əhatə olunmaqla fəaliyyət planı təsdiq edib icrasını ciddi nəzarətdə saxlasınlar:

 

3.1. 2020/2021-ci tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların diaqnostik qiymətləndirmələr vasitəsilə aşkarlanması və tədris ili boyunca mövzuların sıxışdırılması, əlaqələndirilməsi və s. yollarla aradan qaldırılması;

 

3.2. ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həlli;

 

3.3. əyani tədrisin xüsusi karantin rejimi dövründə aparılmasını nəzərə alaraq, ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumlarının vaxtaşırı dezinfeksiya işləri aparmalarının təmin edilməsi;

 

3.4. təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinin diqqətdə saxlanılması; 

 

3.5. tabeliklərindəki ümumi və tam orta ümumtəhsil təhsilalanların böyük summativ qiymətləndirmələrinin, buraxılış imtahan, fənn olimpiadalarının nəticələrinin rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təhsilyanı və məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun tədbirlərin görülməsi;

 

3.6. Anım  və Zəfər günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi;

 

3.7 tədris digər dillərdə aparılan ümumtəhsil məktəblərində Azərbaycan dilinin - dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi;

 

3.8. IX siniflərdə “Zəfər tarixi” kursunun yüksək peşəkarlığı və səriştəliliyi ilə fərqlənən tarix müəllimləri tərəfindən tədrisinə nəzarət edilməsi;

 

3.9. şagirdlərin aidiyyəti dövlət qurumlarının dəstəyi ilə icbari ümumi orta təhsil almaları ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsi;

 

3.10. ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin aparılması;

 

3.11. ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının vaxtaşırı öyrənilib müzakirəyə hazırlanması;

 

3.12. tam orta təhsil səviyyəsində təmayülləşmənin şəbəkəsinin genişləndirilməsi, təmayül fənlərinin peşəkarlığı ilə seçilən müəllimlər tərəfindən tədrisinə nəzarətin gücləndirilməsi;

 

3.13. ərazidə yaşayan beşyaşlıların məktəbəhazırlıq qruplarına cəlbi vəziyyətinin öyrənilməsi;               

 

3.14. xüsusi karantin rejimini və pandemiyanı  nəzərə alaraq fənn müəllimlərinin distant formada ixtisasartırma kurslarına cəlb olunmalarının təmin edilməsi; 

 

3.15. “STEAM” və “Rəqəmsal bacarıqlar” pilot layihələri tətbiq edilən ümumi təhsil müəssisələrinə bu layihələrin icrası ilə bağlı müvafiq köməkliyin göstərilməsi;

 

3.16. pandemiya və post-pandemiya zamanında ümumi təhsillə bağlı normativ hüquqi aktlardan, Təhsil Nazirliyinin kollegiya qərarlarından, əmrlərindən irəli gələn vəzifələrin təhsil şöbələrinin (idarələrinin) əməkdaşları və ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri tərəfindən icrasına nəzarətin təmin edilməsi.

 

4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:

 

4.1. bu əmrdə nəzərdə tutulan məsələlərin pedaqoji kollektivlərə çatdırılmasını, müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirmək məqsədilə müvafiq fəaliyyət planlarının hazırlanmasını təmin etsinlər;

 

4.2. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2021-ci ilin dekabr və 2022-ci ilin may ayında təsdiqedici sənədlər (protokollar, fotoşəkillər, cədvəllər və s.) əlavə olunmaqla hesabat təqdim etsinlər.

 

5.  İctimaiyyətlə əlaqə sektoru (Cəsarət Valehov) bu əmrin  “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

6. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin Naxçıvan MR Təhsil Nazirliyinə, yerli təhsili idarəetmə orqanlarına, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

 

7. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə olunsun. 

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

21 sentyabr 2021-ci il

F-450