Nazir
Elm və təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.
2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından iyulun 27-dək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.
Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarəolunmasında böyük təcrübəyə malikdir.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təhsil naziri təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.
Evlidir, 2 övladı var.
