Mayın 6-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.
Mərasimdə millət vəkilləri, universitet rektorları, bir sıra dövlət qurumlarının rəhbərləri, məktəb direktorları, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müasir dövlətçiliyimizin qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün ölkəmizin hər yerində geniş qeyd olunduğunu bildirib, Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq fəaliyyət planının ardıcıl həyata keçirildiyini nəzərə çatdırıb. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə gerçəkləşdirdiyi kompleks tədbirlərdən biri olan müsabiqəyə ümumtəhsil məktəbi və peşə liseylərinin 700 minədək şagirdi qatılıb. Müsabiqənin 3 mərhələdə – məktəb, rayon (şəhər) və yekun (respublika) mərhələlərində keçirildiyini söyləyən Misir Mərdanov bu bilik yarışmasına şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə ehtiramın parlaq ifadəsi olduğunu bildirib. Müsabiqənin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini nəzərə çatdıran təhsil naziri inşa yazıların müvafiq ekspert qrupu tərəfindən qiymətləndirildiyi, 3 nəfərin I, 4 nəfərin II, 6 nəfərin III, 65 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyü haqda məlumat verib, bütün təşkilatçılara və bilik yarışmasının keçirilməsində zəhməti olanlara təşəkkür edib.
Artıq hər il təşkil olunan müsabiqəni ölkəmizdə gənc istedadların aşkara çıxarılmasına yönəlmiş genişmiqyaslı tədbirlərin tərkib hissəsi kimi səciyyələndirən nazir, bu baxımdan ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlərdən söz açıb. Müsabiqə qaliblərinin inşa yazılarından ibarət kitabın çap olunduğunu söyləyən Misir Mərdanov fərqlənən məktəbliləri səmimi qəlbdən təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müsabiqənin əhəmiyyəti barədə fikirlərini bildirib, ulu öndərin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün formalaşmasına olduqca müsbət təsir göstərdiyini qeyd ediblər.
Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42