25.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)  təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış ziyalılar, ali məktəb rektorları, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin başçıları, qeyri-hökumət təşkilatlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, şagirdlər, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir gənc nəslə cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik olan yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünə inam, Vətənə  məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək məqsədi ilə təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra təhsil naziri Ceyhun Bayramov qonaqları salamlayaraq, AXC-nin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. C.Bayramov ölkə baçşısı İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu müvafiq tədbirlərin təşkilinin gənclərə doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini bildirib.

Təhsil naziri qeyd edib ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm əhəmiyyətə malik işlər görülüb. AXC-nin yaradılması dövlətçilik ənənələri inkişafında müstəsna rol oynayıb. Bu dövrdə dövlət rəmzləri təsdiq olunub, qadınlara seçki hüququ verilib, Azərbaycan dilində təhsil təşkil olunub, hərbi təhsilin əsası qoyulub, xaricə təhsil almaq üçün tələbələr göndərilib.

Nazir onu da qeyd edib ki, Cümhuriyyət dövründə Bakı Dövlət Universitetinin təsis olunması ilə Azərbaycanda gələcək ali təhsil şəbəkəsinin yaradılması üçün əsas qoyulub. Nazir çıxışının sonunda Azərbaycan xalqının müstəqillik ideyalarının daim yaşayacağına əminliyini bildirib.

Tədbirdə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixindən, 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin fəaliyyətindən, XX əsrin sonlarında ölkənin öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin  həyata keçirdiyi inkişaf strategiyasından, ümummilli liderin əsasını qoyduğu tərəqqi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin inkişafındakı rolundan bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verilib, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olunub.

Konsert proqramında şagirdlər Azərbaycanın bir əsrlik müasir dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirən şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: