07.05.2018

Müddətsiz əmək müqaviləsi ilə işə qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlanıb

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə keçirilmiş müsahibələrin nəticələri məlum olub. Müsahibələrin nəticələrinə əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilməyən ümumtəhsil məktəblərinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmək istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər olmaqla ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmiş müsahibələrdə hər bir namizəd müsahibə proqramına uyğun olaraq qiymətləndirilib. Müsahibədə iştirak etmək üçün http://www.miq.edu.az/muqavile/ saytında elektron qeydiyyatdan keçmiş ümumilikdə 2882 nəfər müəllimdən 692 nəfəri müsahibələrdə iştirak edib.

Qeyd edək ki, mövcud qaydalara əsasən işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 təqvim ili müddətində qüvvədədir. Belə ki, sözügedən müsahibələrdə uğur qazana bilməyən, 2017-2018-cı tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, zəruri keçid balını toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilər.

Müsahibələrin nəticələri barədə ətraflı məlumat almaq istəyən namizədlərə şəxsi səhifələrinə baxmaları tövsiyə olunur.

 


Açar sözlər: