08.12.2017

Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi qeyd edilib

Dekabrın 8-də Sumqayıt Dövlət Universitetinin (SDU) 55 illik yubileyi münasibəti ilə  mərasim keçirilib.

Tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdən öncə foyedə təşkil olunan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Universitetin akt zalında davam etdirilən mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dünyanın müxtəlif ölkələrindən olan alimlər və ali məktəblərin rektorları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin keçdiyi tarixi yoldan, qazandığı uğurlardan və ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan danışıb. 

Universitetin kollektivini yubiley münasibətilə təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini  ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Nazir müavini SDU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin beynəlxalq səviyyədə təhsil əlaqələrinin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Ceyhun Bayramov bidirib ki, SDU fəaliyyət göstərdiyi bütün dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş Sovetlər Birliyinin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin kollektivi 55 illik yubiley münasibəti ilə təbrik edərək yeni-yeni nailiyyətlər arzulayıblar.

            SDU-nun 55 illik yubileyinə həsr olunmş mərasimdə Başqırdıstan  Respublikasının baş nazirin müavini S.Saqitovun, Uxta Dövlət Texniki Universitetinin rektoru Nikolay Cхаdаyanın, universitetin fəxri doktoru, Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri Eva Lohsenin təbrik məktubları səsləndirilib.

Mərasimdə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə universitetin yubiley münasibəti ilə təltif olunan əməkdaşlarına dövlət mükafatları,  həmçinin bir qrup əməkdaşa isə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanı təqdim olunub.


Açar sözlər: