20.09.2017

Modul tipli məktəblərə mediatur

Sentyabrın 20-də Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edilib. Mediaturda 25-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib.

Mediaturun məqsədi bu bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

Əvvəlcə media nümayəndələri Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbində olublar. Bildirilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı və kitabxanadan ibarətdir. Hazırda 79 şagirdin təhsil aldığı məktəbdə 20 müəllim çalışır.

Səfər çərçivəsində media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimində iştirak ediblər.

Açılış mərasimində Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, məktəbin direktoru Sevil Nəbiyeva, rayon ağsaqqalı Ələddin İsgəndərov çıxış edərək təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, təhsil ocağının yüksək səviyyədə təmir edilərək istifadəyə verilməsini bu qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.

Sonra media nümayəndələri Oğuz rayonunun Yemişənli kəndində istifadəyə verilən modul tipli məktəbə baş çəkiblər. Media nümayəndələrinə məlumat verilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, kitabxana və müəllimlər otağından ibarətdir. Hazırda məktəbdə 73 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Məktəbdə həmçinin 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək ki, burada 12 uşaq təhsil alacaq.

Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.


Açar sözlər: ,  ,