07.06.2017

Müəllimlərin yerdəyişməsinin ilk mərhələsi başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb.

Mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Bununla bağlı məlumat isə həmin müəllimlərin “Şəxsi səhifə”lərinə göndərilir.

Məlumat üçün qeyd edək ki, proqram təminatında hər bir namizəd öz sosial statusuyla bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırmalı və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etməlidir. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrupda dəyərləndirilərək müvafiq qərar qəbul edilir. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınır. Yerdəyişmə ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilir. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır.

8-12 iyun tarixlərində bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişmə də proqram təminatı vasitəsi ilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək.


Açar sözlər: ,