• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elmin İnkişafı Fondu və “Thomson Reuters” şirkəti “Web of Science” mükafatları-2016”nı təqdim edib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi keçirilib.

Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib edilib. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

Ölkəmizdə elmin dinamik inkişafından və dünya elminə inteqrasiyası istiqamətində görülən işlərdən danışan E.Babayev vurğulayıb ki, artıq Azərbaycanı elmi ixtiraların istifadəçisinə yox, bu ixtiraların müəllifinə çevirmək lazımdır. Biz bununla qısa vaxtda regionun elm mərkəzinə çevrilə bilərik. Bu, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulan vacib vəzifələrdən biridir.

EİF-in icraçı direktoru mükafata layiq görülənləri təbrik edib, onlara Azərbaycan elminin inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayıb, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.

“Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin Bakıda elmi ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşün təmsil etdiyi qurum üçün böyük əhəmiyyət daşıdığını söyləyib. O, tədbirin təşkilinə dəstək göstərən hər kəsə “Thomson Reuters” şirkəti adından minnətdarlığını bildirib.

O.Utkin deyib: “Bu, Azərbaycanın elmi təşkilatları, elm xadimləri ilə keçirdiyimiz ilk tədbirdir. Belə görüşlərin davamlı olacağına ümid edirik. Azərbaycanın elm adamlarının “Thomson Reuters”in resurslarına yol tapması bizim üçün çox vacibdir. Bu resursların sizə müxtəlif istiqamətlərdə xidmət edəcəyinə ümidvarıq”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Thomson Reuters” şirkətinin əməkdaşlığından, alimlərimizin məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmasından və bu yazılara istinadların ildən-ilə çoxalmasından danışıb. Jurnal redaktorları üçün keçiriləcək seminarın əhəmiyyətini qeyd edən akademik ölkədə nəşr olunan beynəlxalq elmi jurnalların sayının artacağına əminliyini bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda elmin, təhsilin inkişafından, bu istiqamətdə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən söz açıb. Alimlərimizin uğurlarından danışan nazir müavini son illər elm adamlarımızın reytinqinin yüksəldiyini, onların elmi məqalələrinə 1500-dən çox istinadın olduğunu diqqətə çatdırıb. Dünya elminə inteqrasiya üçün xarici dil bilməyin əhəmiyyətini qeyd edən C.Bayramov deyib ki, Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə xarici dillərin tədrisi, eyni zamanda, xarici dillərdə bir sıra ixtisaslaşmalarda tədrisin təşkili məsələsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə aparılan işlərin prioritet istiqaməti olaraq qarşıya qoyduğumuz mühüm hədəf kimi bütün ali təhsil müəssisələrinin laboratoriya bazalarının yenilənməsini, müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədqiqatların aparılması üçün müasir laboratoriyalarla təchiz edilməsi səviyyəsinin yaxsılaşdırılmasını vacib məsələ hesab edirik. Bu sahədə ali məktəblərin, AMEA-nın institutlarının və bir sıra sənaye müəssisələrinin birgə fəaliyyəti nəticəsində qısa vaxtda yüksək nəticələr əldə edilə bilər. Yaxın vaxtlarda biz həmkar təşkilatlara bu istiqamətdə bir sıra təkliflər təqdim edəcəyik və əminəm ki, bu, ümumi işimizə çox müsbət təsir göstərəcək.

Sonra beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırılıblar.

“Thomson Reuters” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elmin inkişafına görə” ən yüksək mükafatına “Ən yaxşı tədqiqat universiteti” nominasiyasında Bakı Dövlət Universiteti və “Ən yaxşı tədqiqat institutu” nominasiyasında AMEA-nın Fizika İnstitutu, “Ən yaxşı elmi jurnal” nominasiyasında isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, AMEA-nın və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun “Tətbiq və hesablama riyaziyyatı” jurnalı layiq görülüb.

Digər nominasiyalar üzrə mükafatlar da sahiblərinə təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirilib. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib. Belə seminar-təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

 

AZƏRTAC 


7 il əvvəl