20.10.2016

“Bizim kənddən Amerikaya uzun bir yol var” - “Uğur formulu”

Təhsil Nazirliyi və  “1News.az” İnformasiya Agentliyi “Uğur formulu” layihəsinə başlayır.

                “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Çilənay Səfərlidir.

1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. Orta məktəbi Bakı şəhəri, İlham Məmmədov adına 261 saylı məktəb-liseydə oxuyub. Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üzrə təhsil alan Çilənay, hazırda Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetində insan resurslarının idarə edilməsi üzrə magistr təhsili alır. Çilənay öz “Uğur formulu”nu bölüşür:

- Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Xaricdə təhsil, xüsusilə də Amerikada təhsil məktəb vaxtlarımdan ən önəmli hədəflərimdən biri idi. Amerikada təhsil mənə ilkin olaraq təhsilə fərqli və praktiki yanaşma qazandırdı. Burda heç bir imtahanımız test üsulu ilə olmur, bütün imtahanlarda ya fərdi, ya da qrup şəklində çalışırıq. Semestr ərzində Vaşinqtonda yerləşən müxtəlif şirkətlərə gedib, onların 6 ay müddətində iş rejimini müşahidə edib, nəticədə onlar üçün problemləri aradan götürmək və daha yaxşı işləmək üçün HR Action Plan yazırıq. Bu, bizə semestr boyu bütün öyrəndiklərimizi paralel olaraq praktikada tətbiq etməyə imkan verir.

Bildiyiniz kimi, Amerikanı “melting pot” (sakini “qaynar qazan”a bənzəyir – red) adlandırılar. Çünki burada hər millətdən olan insana rast gəlmək olur. Bu da öz növbəsində dünya görüşünu artırmağa və müxtəlif millətlərlə ünsiyyət qurmağı öyrənməyə kömək edir. Ən önəmlisi isə ölkədən asılı olmayaraq təhsil insanı bir fərd olaraq yetişdirir.Azərbaycanda həmişə valideynlərimiz bizim qayğımıza qalır. Bura gələnə qədər istər ev üçün bazarlq etmək, qalmaq üçün ev tapmaq, pulu idarə etmək və digər bu tip qayğılardan azad idim. Oxuduğum iki il ərzində isə bütün bunları öyrəndim. Bu isə əvəzolunmaz bir həyat təcrübəsidir.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Bakalavr üzrə ixtisasım “Tərcümə” olduğu üçün müxtəlif sahələr üzrə tərcümə dərsləri almışıq. Bu, bizə həm dil baxımından, həm də müxtəlif sahələrlə daha dərindən tanış olmağa kömək edib. Təcrübəmi Milli Məclisin Kadrlar şöbəsində keçən zaman müxtəlif insan resursları üzrə mövzularla tanış oldum və getdikcə bu sahəyə marağım artdı və təlimlərə qoşuldum. Bütün bunların nəticəsində anladım ki, insanlar və insan psixologiyası ilə bağlı bu sahə mənim davam etmək istədiyim sahədir. Eyni zamanda bəzən  insan resurslarına olan cari adminstrativ münasibət məni narahat edirdi, çünki bu sahə sadəcə sənədləşmə işlərindən ibarət deyil. Bu səbəblərə görə qərara aldım ki, xaricdə bu sahəni daha dərindən öyrənib, ölkəmizdə onun inkişafına bacardığım qədər töhfə verim.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Əslində, mən ADU-nun tərcümə fakültəsinə qəbul olan zamanda orada  pilot bir layihə tətbiq olundu və təhsilimiz ancaq ingilis dilində və standartdan kənar keçirilirdi. Bu səbəbdən Amerikaya gələn zaman çox çətin olmadı. Amma ümumilikdə, bizdə təhsilin praktiki tərəfinin artırılmasını daha çox istəyərdim. Biz daha çox oxumağa, testləri cavablandırıb, qiymət almağa öyrəşmişdik. Bura ilk gələndə mənim üçün ən çətin olan isə test üsulu deyil, davamlı yazılar yazmaq və təqdimatla çıxış etmək olmuşdu. Əlavə olaraq, biz, Azərbaycanda daha çox dərsi oxuyub cavab verməyə öyrəşmişdik, lakin burada məqalələri oxuyursan, amma müəllim onlardan heç nə soruşmur. Hər hansı bir “keys” verir və oxuduğumuz nəzəriyyələr əsasında həmin “keys”in müzakirəsi gedir. Yəni, demək istədiyim odur ki, əgər bizdə də oxuduqlarımızı nəzəri olaraq əzbər soruşmaq deyil, müxtəlif çalışmalar və “keys”lərlə müzakirə etmək olsa, qazanılan bilik daha davamlı olar.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Universitətimizdə digər azərbaycanlı tələbələrlə birlikdə Corc Vaşinqton Universitetində Azərbaycanlı Tələbələr Assosiyasiyası (George Washington University Azerbaijani Students Association) yaratmışıq. Onu yaratmaqda məqsədimiz həm Azərbaycanı burada olan universitet heyətinə və tələbələrə tanıtmaq, həm də buraya gələn azərbaycanlı tələbələrə dəstək olmaqdır. Oktyabr ayında “Azərbaycan mədəniyyətini qeyd etmək” (Celeberate Azerbaijani Culture) adlı bir tədbir təşkil etdik. Burada həm Azərbaycan musiqisi, Azərbaycanla bağlı təqdimat və video çarxlar nümayiş olundu, həm də əcnəbi tələbələr və universitet heyəti üçün Azərbaycan yeməkləri (plov, dolma), şirniyyatlarımız (paxlava,şəkərbura) və milli çay təqdim edildi. Həmçinin, qonaqlara milli paltarlarımızla şəkil çəkdirməkləri üçün şərait yaradıldı. Vaşinqtonda yaşayan həmvətənlərimiz də tədbirdə iştirak edərək, ölkəmizin və mədəniyyətimizin tanıdılmasında bizə dəstək oldular.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Burada təhsil siteminin ən sevdiyim tərəflərindən biri müəllim-tələbə münasibətidir. Universitetdə çoxlu əcnəbi tələbə oxuduğu üçün artıq onlar bizimlə necə davranmağı, bizim nə tip çətinliklərimiz olduqlarını bilirlər. Burada müəllimə istədiyimiz zaman müraciət edib sualları soruşa və ya iş saatlarında ofisinə gedib dərslərlə bağlı məsələləri aydınlaşdıra bilirik. Bundan əlavə, bəzi müəllimlərim var ki, sadəcə müəllim deyil, həm də bizə valideyn münasibəti göstərirlər. Məsələn, Amerikada ən sevilən bayramlardan biri “Thanksgiving”dir (Şükranlıq bayramı). Bu bayramda bütün ailə üzvləri bir araya gəlirlər. Hər il bu bayramda müəllimimiz məni və digər əcnəbi tələbə yoldaşlarımı onlarla birlikdə bu bayramı keçirmək üçün öz evlərinə dəvət edir.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Tələbələrin böyük əksəriyyəti əcnəbi tələbələr olduğu üçün artıq universitet heyəti və müəllimlər buna alışıblar. Bu səbəbdən də, bizə qarşı çox anlayışlı və yerli tələbələr ilə bərabər münasibət göstərilir. Universitetin təşkil etdiyi konsultasiya xidməti, akademik yazı xidmətləri, karyera ilə bağlı məsləhət xidməti həm tələbələrin gündəlik, həm də akademik çətinliklərində kömək olur.

Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

Mən oxuduğum müddətdən indiyə qədər çox müsbət yönümlü dəyişikliklər var. Sadəcə yuxarıda qeyd etdiyim kimi, məncə, təhsilə yanaşma tərzimiz daha praktiki olsa və tələbələrin mövzu barədə öz fikirlərini bildirmək bacarıqlarını gücləndirməyə önəm verilsə təhsilin keyfiyyəti daha yaxşı olacaq.

- Çətinlikləriniz varmı?

- Ən böyük çətinliyim bura ilk gələn zaman təhsil sistemin fərqli olması idi. Həmçinin, Amerikada gündəlik həyatda ingilis dili və tələffüzü bizim öyrəndiyimiz ingilis dilindən fərqli olduğundan tam anlamaq üçün ilk bir ay vaxt aldı, sonra isə hər şey qaydasına düşdü. Gündəlik məişət həyatında yaşanan çətinliklər isə çətinlik gətirmir, əksinə, daha çox dəyərli təcrübə olur. Bir də əlbəttə ki, Azərbaycanda olan ailə, dostlar və yeməklərimiz üçün darıxmaq var. Təəssüf ki, Amerika uzaq olduğu üçün Azərbaycana tez-tez gəlmək olmur.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtımı təcrübə proqramında iştirak etməklə keçirirəm. Kampusda təcrübə keçmək həm Amerikan iş mühiti ilə tanış olmaq, həm də ixtisası daha dərindən öyrənmək baxımdan faydalıdır. Digər asudə vaxtlarımda isə universitetin təşkil etdiyi yoqa və digər qrup dərslərində iştirak edirəm.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir?

- Təhsilimi başa vurduqdan sonra insan resurları sahəsində çalışmaq istəyirəm. Əslində burada oxuduğum müddətdə kifayət qədər öyrənsəm də, məncə hələ də öyrəniləsi çox şey var. Bu səbəbdən, bu sahədə gələcəkdə doktorantura üzrə təhsilimi davam etdirmək planım var. Düzü, bura ilk gələndə magistr təhsilimi bitirdikdən sonra yalnız insan resursları üzrə çalışacam deyirdim, amma zaman keçdikçə həqiqətən nə istədiyimizi daha yaxşı anlayırıq. Bu sahədə çalışmaqla yanaşı, Azərbaycana qayıtdıqdan sonar universitetlərimizdə bu sahədə dərs keçmək istəyərəm. Çünki, başa düşdüm ki, əgər Amerikaya gələn zaman məqsədim qayıtdığımda cəmiyyətimizə töhfə vermək idisə, bunu gerçəkləşdirməyin ən gözəl yolu öyrəndiklərimi tələbələrimizlə paylaşıb onların inkişafına dəstək olmaqdır.

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Azərbaycan gəncliyinə demək istəyirəm ki, əmin olun ki, buradakı millətlərin nümayəndələri bizim gənclik, bizim insanlar qədər çalışqan deyil. Əgər qarşınıza təhsil almaq məqsədi qoymusunuzsa, ilk öncə bunu niyə istədiyinizi özünüz üçün müəyyən edin, çünki bu sizə bütün çətinliklərdə motivasiyalı olmağa kömək edəcək. Mən uşaq olan zaman biz rayonda yaşayanda valideynlərimə gələcəkdə Amerikada oxuyacağımı demişdim, onlar isə “Daha real arzu tut ki, sonra üzülməyəsən, bizim kənddən Amerikaya uzun bir yol var” demişdilər. O zamandan düşünmüşdüm ki, bir gün bu arzumu gerçəkləşdirib onları bura gətirim. 2016-cı ilin may ayında valideynlərim məni qısa müddətlik burada ziyarət etdi və əmin olun ki, bu, hədsiz bir xosbəxtlikdir. Sizi həmişə motivasiya edəcək səbəbləriniz olsun.

Görünən istənilən uğurun arxasında bilmədiyiniz çoxlu çətinliklər var, hər birimiz yaşamışıq və yaşayacağı. Hal-hazırda sizdən asılı olmayan nə çətinlik varsa belə siz məqsədiniz üçün çalışın, çünki sonra “bəlkə bunu etsəydim alınardı” cümləsini deməyəsiniz. Əziyyətiniz xeyirlisi ilə mütləq əvəzini verəcək. Bəlkə də siz istədiyiniz olmayacaq, amma mütləq ondan da yaxşısı olacaq, sadəcə zaman lazımdır bunu görməyə.

Son olaraq bu yazdıqlarımı oxuyan valideynlər varsa, onlara demək istəyirəm ki, biz bütün uğurlarımızı sizə borcluyuq. Siz də övladlarınıza bu məqsədləri gerçəkləşdirməkdə dəstək olun, nə qədər onlar üçün narahat olsaz da əmin olun sizin dəstəyiniz olduqdan sonra o məqsədlərə çatmaq daha asandır. Təhsil arzumu həyata keçirməkdə ən böyük dəstəkçim olan bu proqramda əməyi keçən bütün insanlara, mənə güvənib bu qədər uzağa gəlməyimə icazə verdikləri üçün valideynlərimə və bu müddətdə yanımda olan bütün müəllimlərimə, dostlarıma təşəkkür edirəm. Uğur heç vaxt tək qazanılmır və onu tək qazanmağa çalışmayın. Həyatınızda sizə dəstək olacaq insanlar olsun ki, siz imtina etdiyiniz anlarda onlar sizə məqsədlərinizi xatırlatsın. Hər birinizə arzularınızı reallaşdırmaqda uğurlar.

 

1News.az


Açar sözlər: ,  ,