30.06.2016

“Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditləri təqdim olunub

İyunun 30-da Təhsil Nazirliyində “Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov “Maarifçi” Tələbə Kredit Fondunun əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Layihənin bir sıra ali təhsil  müəssisələrinin iştirakı ilə həyata keçirildiyini deyən nazir təhsil kreditlərinin tətbiq edilməsi ilə tələbələrin təhsil haqqını ödəmək baxımından yaranan çətinliklərinin aradan qalxacağını vurğulayıb.

“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, fondun I sessiyası artıq başa çatıb. Bu prosesin iyunun 3-dən iyunun 25-dək davam etdiyini deyən R.Mahmud qeyd edib ki, bu müddət ərzində fonda tələbələr və valideynlərdən 300-dən artıq müraciət daxil olub. Fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb. Fondun meyarlarına cavab verən 22 nəfərlə müqavilə imzalanıb.  Verilən kreditlərin 10-u standart, 12-si isə güzəştlidir.

Sonra təhsil naziri “Maarifçi” Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq sertifikatları təqdim edib.

 

Tanınmışların Maarifçi Kredit Fondu ilə bağlı fikirləri 

 


Açar sözlər: ,  ,