13.04.2016

Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr sürətlə inkişaf edir

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Humanitar Universitetində (RDHU) olub.

Universitetin rektoru Yevqeni İvaxnenko və ali məktəbin prezidenti Yefim Pivovar Mikayıl Cabbarovu ali təhsil müəssisəsinin kitabxanası və muzeyi, auditoriyaları ilə tanış ediblər.

Sonra universitetin professor-müəllim heyəti Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Nazir M.Cabbarov AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O deyib ki, Azərbaycanda iki Rusiya ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları, Rusiyada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialı fəaliyyət göstərir. RDHU ilə Azərbaycanı sıx əlaqələr birləşdirir.

Nazir əmin olduğunu bildirib ki, bugünkü görüş elmi dairələr, tələbələrimiz arasında informasiya mübadiləsinin genişləndirilməsinə yönəldilmiş bir sıra layihələrin həyata keçirilməsinə təkan verəcək.

RDHU-nun prezidenti Yefim Pivovar qeyd edib ki, Humanitar Universitetdə azərbaycanşünaslıq sahəsində mütəxəssislər hazırlanır, Azərbaycan dili, mədəniyyəti və tarixi dərindən öyrənilir və bu sahədə iş davam etdiriləcək: “Bu, bizim üçün olduqca vacibdir. Azərbaycanla əməkdaşlıq həm Xəzər hövzəsi dövlətləri, İslam ölkələri, eləcə də Türkiyə və İran ilə əməkdaşlığımızı genişləndirməyə imkan verir. Azərbaycan ilə muzeyşünaslıq, dizayn, kitabxana işi və digər sahələrdə mütəxəssis mübadiləsi də bizim üçün çox vacibdir. Mədəniyyət baxımından Azərbaycan unikal ölkədir və buna görə də bizim üçün olduqca dəyərlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanda rus dilində təhsil ixtisar edilmir, əksinə genişləndirilir və bu, bizi də Azərbaycan dilini Rusiyada fəal təbliğ etməyə həvəsləndirir”.

 

AZƏRTAC


Açar sözlər: ,