29.01.2016

ADNSU-da Startap məktəbi fəaliyyətə başlayıb

Yanvarın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov, ADNSU-nun rektoru Mustafa Babanlı, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Təhsil Nazirliyinin nümayəndələri, beynəlxalq ekspertlər İqor Peer (İsrail) və İnna Malyukova (Ukrayna), universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edənlər Startap məktəbinin əhəmiyyətindən, tələbələrin və yaradıcı ideyası olan gənclərin özünü ifadə edə bilməsi üçün yaradılan şəraitdən söhbət açıblar.

Bildirilib ki, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən Startap məktəbinin fəaliyyətinin ilk mərhələsi bu ilin martına qədər davam edəcək. May-iyun aylarında başa çatacaq ikinci mərhələdə isə konkret layihələr üzərində iş aparılacaq. Yayda keçiriləcək festivalda seçiləcək ən yaxşı layihələr sərmayə qoyulmaqla biznes inkubasiyası dövründə inkişaf etdiriləcək. Bu müddət ərzində layihələr üzrə nəzərdə tutulan son məhsullar və ya onların prototipləri hazırlanacaq. Daha sonra onların kütləvi istehsalına və tətbiqinə başlanacaq. Beləliklə, tələbələr və məzunlar öz ideyalarını reallaşdıra, layihələri ətrafında biznes strukturu yarada biləcəklər. Startap məktəbində tədris Azərbaycan, İsrail və Ukraynadan olan mütəxəssislər tərəfindən aparılacaq. Axşam saat 18:00-dan sonra başlayan dərslərdə iştirak üçün təhsil haqqı tələb olunmur. Digər ali məktəblərin tələbələri və ya tələbə olmayan şəxslər də Startap məktəbinə yazıla bilərlər.

 


Açar sözlər: ,  ,  ,