2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı

"KƏND YERLƏRİNDƏKİ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNƏ PEDAQOJİ KADRLARIN CƏLB OLUNMASININ HƏVƏSLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ" HAQQINDA
 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
 
"Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli 85 nömrəli qərarına əsasən respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr çatışmazlığı probleminin həlli məqsədi ilə:
"2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" təsdiq edilsin (əlavə olunur).
 Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 A.Rasi-zadə
 Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 4 noyabr  2004-cü il
№ 230 s

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 4 noyabr tarixli 230 s nömrəli
sərəncamı ilə təsdiq edilmişdir
 

2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf  proqramı
 
Giriş
 
Əhəmiyyət və əhatə dairəsi baxımından sosial sahənin ən önəmli hissəsi olan təhsil sisteminin son illərdəki inkişaf strategiyası təhsil sektoru üzrə dövlət siyasəti və bu sahə üçün təsdiq edilmiş İslahat Proqramının konkret müddəaları, eləcə də Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) ilə birgə imzalanmış sazişlərin texniki şərtləri çərçivəsində müəyyənləşdirilmiş, bu istiqamətdə intensiv fəaliyyət həyata keçirilmişdir.
Tarixi reallıq belədir ki, Azərbaycan Respublikası «YUNESKO» Beynəlxalq Təşkilatı tərəfindən «Təhsil əsri» elan edilmiş XXI əsrə möhtərəm Prezident cənab Heydər Əliyevin rəhbərliyi altında milli təhsil sistemində əsaslı islahatların reallaşdırılması şəraitində daxil olmuş, məhz elə cənab Prezidentin müəyyənləşdirdiyi inkişaf strategiyası əsas götürülməklə təhsil sahəsində məqsədyönlü islahatların aparılması, qarşıya çıxan problemlərin müvəffəqiyyətli həlli, sahə üzrə xüsusi korrektə planları və perspektiv proqramlar çərçivəsində intensiv fəaliyyət artıq öz müsbət nəticələrini vermişdir.
Bu gün Azərbaycan təhsilinin ümumtəhsil məktəbləri şəbəkəsi özündə 4546 tədris müəssisəsini birləşdirir. Burada 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsilə 166764 nəfər pedaqoji kadr məşğul olur. Məhz elə bu böyük müəllim ordusunun gündəlik fəaliyyəti nəticəsində vətəndaşların təhsil sahəsində konstitusiya hüquqları həyata keçirilir, Azərbaycanda vətəndaş tərbiyəsi formalaşdırılır, gənc nəslin ilkin biliklərə yiyələnməsi kimi dövlət əhəmiyyətli bir iş görülür.
Məlumdur ki, hər bir təhsil müəssisəsində, ümumilikdə isə respublikanın təhsil sistemində prosesin səmərəliliyi və effektivliyinin obyektiv meyarı kimi məhz təhsilin keyfiyyət göstəricisi qəbul edilir.
Ümumi təhsildə keyfiyyət parametrlərinə bilavasitə təsir göstərən faktorlardan biri məktəblərin kadr təminatı və müəllim korpusunun peşəkarlıq səviyyəsidır. Məhz elə bunun nəticəsidir ki, təhsil sistemində aparılan islahatların əsas istiqamətləndirici sənədləri kimi qəbul edilən «Təhsil sahəsində İslahat Proqramı»nda və II Kredit Sazişi çərçivəsində nəzərdə tutulmuş fəaliyyət strategiyasında ümumi təhsilin keyfiyyəti və onun real tələbatlara uyğunluğu ilə əlaqədar olan tədbirlər ön plana çəkilmiş, bunlar perspektiv inkişafın əsasını təşkil etmişdir.
Respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində mövcud olan ən ciddi problem təlim-tərbiyə müəssisələrinin pedaqoji kadrlarla təminatı ilə əlaqədardır. Bu gün ölkənin 4546 ümumtəhsil məktəblərindən 2128-də (46.8%) müxtəlif pedaqoji ixtisaslı kadrlara real tələbat vardır.Təhlillər göstərmişdir ki, respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində 6774 nəfər müxtəlif pedaqoji ixtisaslı kadrlara tələbat mövcuddur, o cümlədən 842 nəfər (12.4%) Azərbaycan dili və ədəbiyyatı, 803 nəfər (11.9%) xarici dil, 680 nəfər (10.0%) tarix, 631nəfər (9.3%) coğrafiya, 562 nəfər (8.3%) kimya, 505 nəfər (7.5%) riyaziyyat, 479 nəfər (7.1%) bədən tərbiyəsi və digər ixtisaslar üzrə kadrlara daha çox tələbatın olduğu müəyyən edilmişdir. Pedaqoji kadrlara olan tələbatın 8,4%-i (571 nəfər) şəhər məktəblərinin, 91,6%-i (6203 nəfər) isə kənd yerlərindəki məktəblərin payına düşür.
Kadr çatışmazlığı səbəbindən bu gün respublikanın 469 məktəbində xarici dil tədris edilmir və şagirdlər faktiki olaraq həmin fəndən biliklərə yiyələnmək imkanından tamamilə məhrum olmuşlar.
Bu gün respublikanın 1748 məktəbində 14 fənn üzrə 54 min saatdan çox dərs yükü 4956 nəfər qeyri-ixtisaslı kadrlar tərəfindən tədris olunur.
Problem bir də onunla aktualdır ki, bu gün respublikada həyata keçirilən ən önəmli inkişaf strategiyası ölkədə yoxsulluq səviyyəsinin azaldılmasını, əhalinin maddi rifahının yaxşılaşdırılmasını, işsizliyin aradan qaldırılmasını, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasını, rayon və kənd yerlərində sosial-məişət şəraitinin yaxşılaşdırılmasını, sosial xidməti, o cümlədən də təhsil sahəsində aktual problemlərin həlli kimi strateji əhəmiyyətli istiqamətləri özündə əks etdirir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə «Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf barədə», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) barədə» xüsusi dövlət proqramları təsdiq edilmiş, habelə «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında», «Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin fərmanları imzalanmış, sonuncu ilə bağlı hökümətin müvafiq sərəncamı qəbul edilmişdir.
Ölkədə perspektiv inkişafın təminatı baxımından dövlət əhəmiyyətli bu sənədlərin hamısında, faktiki olaraq, pedaqoji kadrların işlə təmin edilməsi, kadr tələbatının ödənilməsi, ən nəhayət isə pedaqoji profilli gənc mütəxəssislərin konkret iş yerlərinə göndərilməsi probleminin həlli kimi aktual məsələlər nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, qarşıya qoyulan əsas vəzifələr sırasında kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlbini həvəsləndirmək məqsədi ilə konkret tədbirlərin görülməsi, gənc mütəxəssislərin iş yerlərilə təminatı, nəticə etibarilə növbəti beş il ərzində 15 minə yaxın pedaqoji profilli mütəxəssisin əmək fəaliyyətinə başlaması kimi istiqamətlərdə real nəticələrin əldə edilməsi nəzərdə tutulmuşdur. Təbii ki, bütün bunların reallaşdırılması üçün əsaslandırılmış dəqiq proqnoz modullarına uyğun perspektiv illəri əhatə edən xüsusi inkişaf proqramına zəruri ehtiyac var.
Ümumiyyətlə, təhsil sektorunun ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr çatışmazlığı, pedaqoji profilli gənc mütəxəssislərin konkret iş yerlərilə təminatı problemlərinin həlli son nəticədə Azərbaycan təhsilinin keyfiyyət parametrlərinə öz müsbət təsirini göstərməklə gələcək inkişafa təkan verəcək mühüm fəaliyyət istiqaməti kimi qiymətləndirilir.
Bu mənada, 2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatının inkişaf proqramı xüsusi əhəmiyyət kəsb edir və problemlərin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda tam istiqamətləndirici və tənzimləyici xarakter daşıyır.
 
2. Proqramın ümumi xarakteristikası
 
2.1. Proqramın əsas məqsədi
Proqramın əsas məqsədi Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində mövcud olan pedaqoji kadr çatışmazlığı probleminin növbəti 5 il ərzində müvəffəqiyyətli həllindən ibarətdir. Bununla yanaşı perspektiv fəaliyyət özündə digər bir neçə problemin də həllini əks etdirir. Faktiki olaraq bu gün ümumtəhsil məktəbləri şəbəkəsində fəaliyyət göstərən qeyri-ixtisaslı kadr korpusunun staj səviyyəsi nəzərə alınmaqla xüsusi təlimə-yenidənhazırlanma və ixtisasartırma təhsilinə cəlb edilməsi, eləcə də, onların kənd yerlərindəki məktəblərdə işləmələrinin maddi stimullaşdırılması həm kadr təminatı işinə, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində fəaliyyət perspektivlərinə yönəldilir. Eyni zamanda kiçik mütəxəssis hazırlığının gələcəkdə çoxsaylı vətəndaşların konkret iş yerləri ilə təmin olunmasına yönəldilməsi də əsas məqsəd kimi qarşıya qoyulur.
 
2.2. Proqramın əsas vəzifələri aşağıdakılardır:
  • vətəndaşların konkret iş yerləri ilə təminatı;
  • ümumtəhsil məktəbləri şəbəkəsində kadrlarla bağlı dövlət sifarişinin təmin olunması;
  • tədris keyfiyyətinin yüksəldilməsi;
  • kadr hazırlığı üçün qəbulun planlaşdırılmasında əsaslandırılmış proqnoz mexanizmlərinin tətbiqi;
  • ucqar zonalarda yerləşən ümumtəhsil məktəblərində konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislər üçün müvafiq həvəsləndirmə sisteminin yaradılması;
  • kənd yerlərinə əhali axınının çoxaldılması;
  • müəllim korpusunun maddi və sosial təminatının yaxşılaşdırılması;
  • yoxsulluğun və işsizliyin azaldılması.
 
2.3. Məsul icraçılar
Proqramın icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Proqramın icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir və bununla əlaqədar hazırlanmış tədbirlər planı əlavə olunur.
 
3. Ümumtəhsil məktəblərində kadr çatışmazlığı və işlə təmin olunma probleminin həlli üçün həyata keçiriləcək siyasətin əsas strateji istiqamətləri
 
Respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində kadr təminatı problemlərinin həllini, pedaqoji profilli ali və orta ixtisas təhsili almış gənc mütəxəssislərin konkret iş yerləri ilə təminatını, qeyri-ixtisaslı kadr korpusunun xüsusi təlimə cəlbini, kiçik mütəxəssislərin kadrlara olan real tələbatın ödənilməsi prosesində iştirakını, eləcə də kənd yerlərinə işəgöndərmənin həvəsləndirilməsini təmin etmək məqsədi ilə növbəti 5 il üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir:
I istiqamət - mütəxəssis hazırlığının yekununda dövlət sifarişinə uyğun olaraq kadr tələbatı olan tədris müəssisələrinə göndəriş almış və dərhal əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər, eləcə də ciddi kadr tələbatı olan zonalarda işləmək istəyən pedaqoji kadrlar üçün «Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli 85 nömrəli qərarında nəzərdə tutulmuş xüsusi həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;
II istiqamət - ciddi kadr tələbatı olan zonalarda (rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən tədris müəssisələrində) işləmək üçün pedaqoji kadrların göndərilmə prosesinin tənzimlənməsi;
III istiqamət - 5 ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan qeyri-ixtisaslı kadr korpusunun yenidənhazırlanma təhsilinə cəlb edilməsi;
IV istiqamət - xarici dil fənni üzrə hazırlığı həyata keçirilən kiçik mütəxəssis statuslu kontingentin ilkin təhsili başa çatdıqdan sonra xüsusi təlimə cəlb edilməsi;
V istiqamət - pedaqoji iş stajı 5 ildən artıq olan, hal-hazırda qeyri-ixtisas fənlərini tədris edən pedaqoji kadr korpusunun xüsusi proqramlar çərçivəsində ixtisasartırma təhsilinə cəlb edilməsi.
Qeyd olunmalıdır ki, hər 5 istiqamət üzrə növbəti illərdə fəaliyyətin həyata keçirilməsi üçün xüsusi tədbirlər müəyyənləşdirilərək buna sərf olunacaq maliyyə vəsaiti hesablanmış, kontingent bölgüsü aparılmış, bütün yanaşmalarda dəqiq proqnozlara istinad edilmişdir.
Birinci istiqamət üzrə növbəti 5 il üçün gənc mütəxəssislərə və buna uyğun kateqoriyadan olan digər pedaqoji kadrlara tətbiq ediləcək həvəsləndirmə tədbirləri a) stavka həcmində aylıq əmək haqqının bir misli məbləğində birdəfəlik yol xərci, əmlakın daşınması və ilkin yaşayış şəraitinin yaradılmasını; b) 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda şərti maliyyə vahidinin 10 misli məbləğində kompensasiyaların verilməsini; c) lazımi mənzil-məişət şəraitinin yaradılmasını; d) daimi məskunlaşmaq və təsərrüfat sahələrindən səmərəli istifadə üçün güzəştli kreditvermə sisteminin tətbiqini özündə əks etdirir. Bu istiqamət üzrə xüsusi proqnoz hesablamaları hər il 1308 nəfər kontingent üçün nəzərdə tutulur.
İkinci istiqamət pedaqoji kadr hazırlayan dövlət ali və orta ixtisas təhsili müəssisələrini növbəti 5 ildə bitirəcək gənc mütəxəssislərin, eləcə də ciddi tələbat olan zonalarda işləmək arzusunda olan digər kateqoriyalı pedaqoji kadr korpusunun rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətinin stimullaşdırılmasının təminatı üçün xüsusi həvəsləndirmə sisteminin tətbiqilə əlaqədardır. Bu istiqamətdə fəaliyyət faktiki olaraq, artıq müəyyənləşdirilmiş konkret təhsil müəssisələrinin 3268 nəfərlik kadr tələbatının ödənilməsi üçün maddi stimullaşdırma məqsədilə hər bir nəfərə 3 il müddətində şərti maliyyə vahidinin 20 misli miqdarında əmək haqqına əlavələr ödənilməsi ilə həyata keçirilir.
Üçüncü istiqamət hal-hazırda işləyən və 5 ilə qədər pedaqoji stajı olan qeyri-ixtisaslı kadr korpusunun yenidənhazırlanma təhsilinə cəlbi ilə bağlıdır. Ayrı-ayrı fənlər, məktəblər, rayonlar, zonalar, son nəticədə isə respublika üzrə aparılmış statistik təhlillərə əsasən, təqribən 5 min nəfərə yaxın qeyri-ixtisaslı kadr tədris prosesində iştirak edir. Bu kontingentin staj və tədris yüklərinə görə təsnifat bölgüsü onların bir qisminin - 1924 nəfərin növbəti beş ildə 14 tədris müəssisəsində xüsusi yenidənhazırlanma təhsilinə cəlbi prosesi - üçüncü istiqamət üzrə növbəti 5 il üçün fəaliyyət strategiyasının əsası kimi götürülür.
Dördüncü istiqamətdə fəaliyyət xarici dil fənni üzrə hazırlığı 2005-2008-ci illərdə həyata keçirilən kiçik mütəxəssis statuslu kontingentin ilkin təhsili başa çatdıqdan sonra xüsusi təlimə cəlbini özündə əks etdirir. Mə’lumdur ki, bu kateqoriyalı mütəxəssislər, faktiki olaraq, ümumtəhsil məktəblərinin yalnız aşağı siniflərində xarici dil fənnini tədris etmək hüququna malikdirlər. Respublika üzrə 900-dən artıq xarici dil müəlliminə real tələbat olduğu halda adı çəkilən kontingentin işsiz qalması əksər hallarda vətəndaşların çoxsaylı narazılıqlarına səbəb olur. Həmin vəziyyətin növbəti beş ildə tənzimlənməsinə ciddi ehtiyac olduğundan bu istiqamətdə xüsusi proqnoz planına uyğun illər üzrə 15 orta ixtisas təhsili müəssisəsində təhsillərini ödənişsiz əsaslarla başa vuracaq 1225 nəfər kiçik mütəxəssis üçün xüsusi differensiallaşdırılmış proqramlar çərçivəsində yenidənhazırlanma təhsilinin təşkili nəzərdə tutulur.
Beşinci istiqamət üzrə fəaliyyət zamanı 5 ildən artıq müddətdə qeyri-ixtisas fənlərini tədris edən pedaqoji kadr korpusunun xüsusi proqramlar çərçivəsində ixtisasartırma təhsilinə cəlbi nəzərdə tutulur. Bu istiqamətdə problemin həlli üçün hər ildə təqribən 600 nəfərə yaxın kontingentin ixtisasının artırılması şərti ilə 15 müəssisə üzrə konkret fənlər nəzərə alınmaqla növbəti beş ildə 3035 nəfər kadrın keyfiyyət göstəricilərinin yüksəldilməsi, son nəticədə prosesin düzgün tənzimlənməsi planlaşdırılır.
 
4. Yekun mülahizələr və gözlənilən nəticələr
 
Müasir mərhələdə Azərbaycan Respublikasında perspektiv inkişaf üçün ayrı-ayrı sahələr üzrə xüsusi inkişaf proqramları işlənilib hazırlanır. Bu strateji əhəmiyyətli sənədlər xüsusi proqnozlaşdırma metodlarının tətbiqi ilə sosial infrastrukturun real tələbatının perspektiv illərdə təminatı məqsədini daşıyaraq qarşıya çıxan problemlərin operativ həlli yollarının, əsasən də tələb olunan maliyyə vəsaitinin həcmi və dəqiq mənbəyinin müəyyənləşdirilməsi ilə həyata keçirilir. Həqiqətən də bu və ya digər qlobal xarakter daşıyan problemin perspektiv illərdə müvəffəqiyyətli həlli əvvəlcədən düzgün planlaşdırılmış fəaliyyətin nəticəsində mümkündür. Odur ki, respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində mövcud olan ciddi kadr çatışmazlığı probleminin kompleks şəkildə həllini özündə əks etdirən bu inkişaf proqramının qəbul edilərək perspektiv illərdə onun real prosesə tətbiqi və pozitiv nəticələrin əldə edilməsinə zəruri ehtiyac vardır. Faktiki olaraq bu gün ölkə üzrə mütəxəssislərin işlə təmin edilməsi, yoxsulluq səviyyəsinin azaldılması, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, işsizlik problemlərinin həlli kimi istiqamətlərdə intensiv fəaliyyət Azərbaycan dövlətinin perspektiv fəaliyyət üçün müəyyənləşdirdiyi əsas strateji istiqamətlərdən biri hesab edilir. Məhz elə bu mənada inkişaf proqramı xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, təhsil sistemi iştirakçılarının maddi stimullaşdırılması, ümumi təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsi, mütənasib bölünmə prinsiplərini tətbiq etməklə müəllim-şagird nisbətinin tənzimlənməsi, kənd yerlərinə əhali axınının çoxaldılması, sosial sektorun inkişaf etdirilməsi, son nəticədə isə 15 min nəfərə yaxın pedaqoji profilli mütəxəssislərin konkret iş yerləri ilə təminatı kimi məsələlərin həllinə yönəldilmişdir.
Beləliklə növbəti 5 il ərzində bu İnkişaf Proqramına uyğun həyata keçiriləcək tədbirlərlə əlaqədar gözlənilən nəticələrin proqnozu aşağıdakı kimidir:
  • Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsinə daxil olan bütün məktəblər pedaqoji kadrlarla tam təmin olunacaq, keyfiyyət göstəriciləri yüksələcək;
  • qeyri-ixtisaslı kadr korpusu yenidən hazırlanacaq, xüsusi proqramlar çərçivəsində onların ixtisası artırılacaq;
  • 15 min nəfərə yaxın pedaqoji ixtisaslı vətəndaşlar konkret iş yerləri ilə təmin ediləcək;
  • peşə-ixtisas təhsili müəssisələrində marketinq strukturları yaradılmaqla əmək bazarının tələbatı əhəmiyyətli dərəcədə ödəniləcək;
  • yerlərdə gənc mütəxəssislər üçün müvafiq iş şəraiti yaradılacaq, onların sosial-məişət problemləri həll olunacaq, kənd yerlərinə əhali axını artaraq demoqrafik göstəricilər yaxşılaşacaq;
  • yoxsulluq səviyyəsi aşağı düşəcək, təhsil sektorunda işsizlik probleminin həll edilməsində ciddi tədbirlər həyata keçiriləcək.