Apellasiya Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib.

İclasda “Smart Technologies” şirkətinin direktoru Ülviyyə Əhmədovanın təsisçisi olduğu əlavə təhsil müəssisəsinin Nizamnamə layihəsinə rəy verilməsinin gecikdirilməsi, ixtisasartırma təlimləri və elektron lövhələrin alınması ilə bağlı tenderlərin nəticələrinin ləğvi və yenidən keçirilməsi, elektron lövhələrin alınması və müəllimlərin ixtisasının artırılmasına ayrılmış vəsaitin bir qisminin onun layihələrinin maliyyələşdirilməsinə yönəldilməsinə dair təkrar şikayətinə baxılıb.

Ülviyyə Əhmədovanın iştirakı ilə keçirilən iclasda aidiyyəti şəxslər tərəfindən təqdim edilmiş məlumat və sübutlar əsasında şikayətə baxılıb. Şikayətin təmin edilməməsi, vətəndaşın təsisçisi olduğu əlavə təhsil müəssisəsinin Nizamnamə layihəsinə rəy verilməsinin qısa müddət ərzində təmin edilməsi və dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda vətəndaşa qərardan razı olmadığı təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına və məhkəməyə şikayət vermək hüququnun olduğu da qərarda öz əksini tapıb. Apellyasiya Şurasının Katibliyi tərəfindən Şuranın qərarının vətəndaşa göndərilməsi təmin edilib.

Qeyd edək ki, bundan əvvəl Apellyasiya Şurasına bir neçə dəfə müraciətlər daxil olub. Həmin müraciətlərə Şuranın səlahiyyətinə aid olmadığı və ya müraciət olunarkən prosedur qaydalara riayət edilmədiyi üçün Apellyasiya Şurasının iclasında baxılmayıb və aidiyyəti üzrə nazirliyin struktur bölmələrinə göndərilib.