Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və 1896-cı ildə məhşur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi ümumtəhsil məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

QƏRARA ALIRAM:

1. Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün Bakı şəhərinin Xəzər rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2011-ci il.