Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 21 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. “Bakı Mühəndislik Universiteti” (bundan sonra – Universitet) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır.

1.2. Universitet ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

1.3. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.4. Universitetin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. Universitetin fəaliyyətinə lisenziya “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq verilir.

1.6. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

1.7. Universitetin təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə digər təhsil müəssisələri ilə sazişlər bağlamaq, birliklər (assosiasiyalar) yaratmaq və onlara daxil olmaq hüququ vardır.

1.8. Universitetin strukturuna filialları, nümayəndəlikləri, fakültələri, kafedraları, şöbələri, kitabxanaları, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura və əlavə təhsil bölmələri, qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman bazaları, studiyaları, konsert zalları, sərgi salonları, iaşə müəssisələri və digər bölmələr daxil edilir. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinika, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.

1.9. Universitet Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq, təsərrüfat cəmiyyətləri, nümayəndəliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında filiallar yaratmaq hüququna malikdir. Universitetin filialları öz funksiyalarını müstəqil həyata keçirirlər. Nümayəndəlik və filialların rəhbərlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla Universitetin rektoru vəzifəyə təyin və vəzifədən azad edir.

1.10. Universitetdə təhsil dövlət sifarişli və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

1.11. Universitet bu Nizamnaməyə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1.11.1. hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərinin ödənilməsi;

1.11.2. təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;

1.11.3. elmi araşdırmaların aparılması;

1.11.4. yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması;

1.11.5. əlavə təhsilin təmin edilməsi;

1.11.6. beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.

1.12. Bu Nizamnamənin 1.11-ci bəndində göstərilən vəzifələri yerinə yetirmək üçün Universitet:

1.12.1. dövlət təhsil standartlarına və ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri hazırlayır;

1.12.2. tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;

1.12.3. təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;

1.12.4. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir;

1.12.5. profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır;

1.12.6. elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və s. təşkil edir və həyata keçirir;

1.12.7. elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edir;

1.12.8. beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik məlumat bazasını, Universitetin xüsusi veb-portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;

1.12.9. elmi əsərlər, tədris və tədris-metodik resursları hazırlayır və nəşr edir;

1.12.10. tələbələrə və işçi heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil edir və göstərir;

1.12.11. maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir;

1.12.12. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görür;

1.12.13. müəllim-tələbə mübadiləsi və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələr yaradır.

1.13. Universitetdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı orta ixtisas təhsili pilləsindən və ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrindən ibarətdir.

1.14. Universitetdə aşağıdakı təhsilalma formaları müəyyən edilir:

1.14.1. əyani;

1.14.2. qiyabi;

1.14.3. distant (məsafədən).

1.15. Universitetdə tədris orta ixtisas təhsili pilləsi və ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

 

2. Universitetə tələbə qəbulu

 

2.1. Universitetə orta ixtisas təhsili pilləsinə ümumi orta təhsilli və tam orta təhsilli şəxslər, ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər, ixtisasın sərbəst seçimi əsasında, müsabiqə yolu ilə qəbul olunurlar.

2.2. Universitetə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

2.3. Universitetin bakalavriat, magistratura və doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

2.4. Universitetə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişinə uyğun olaraq, Universitetin imkanları nəzərə alınmaqla, Universitetin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

3. Universitetin tədris fəaliyyəti

 

3.1. Universitetdə tədris dili – Azərbaycan dilidir. Təlim Universitetin imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparılır.

3.2. Universitet aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirir:

3.2.1. orta ixtisas təhsili;

3.2.2. ali təhsil:

3.2.2.1. bakalavriat;

3.2.2.2. magistratura;

3.2.2.3. doktorantura.

3.2.3. əlavə təhsil.

3.3. Universitet Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramlarını həyata keçirə bilər.

3.4. Orta ixtisas və ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq təhsil pillələri üzrə təsdiq edilən dövlət təhsil standartları və prоqramları (bundan sonra – dövlət təhsil standartı) ilə müəyyən edilir.

3.5. Universitetdə təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə təqaüdlər (o cümlədən adlı təqaüdlər) və yardımlar verilir.

3.6. Təhsilalanların bir təhsil proqramından digərinə və ya Universitetdən digər ali təhsil müəssisəsinə köçürülməsi, xaric edilməsi, onlara akademik məzuniyyət verilməsi və Universitetə bərpa olunması qaydasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.

3.7. Orta ixtisas təhsili pilləsini və ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə Universiteti bitirməsi barədə diplom verilir. Həmin diploma əlavədə təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir. Universitetin bakalavriat və magistratura səviyyələrinin məzunlarına Avropa Komissiyası, Avropa Şurası və UNESCO/CEPES-in nümunəsinə uyğun hazırlanmış və forması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diploma əlavə həmin şəxslərin arzusu ilə verilir. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.

 

4. Elmi fəaliyyət

 

4.1. Universitet tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən elmi fəaliyyət subyekti olmaqla, fakültələr, kafedralar, elmi kitabxanalar, laboratoriyalar, mərkəzlər, elmi tədqiqat institutları və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparır, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını həyata keçirir.

4.2. Universitetin elm sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə yönəldilir.

4.3. Universitet aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzə edilməklə yayılmasını təşkil edir.

4.4. Universitetdə aparılan elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.

4.5. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

4.6. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir.

4.7. Universitetdə aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.

 

5. Universitetin idarə olunması

 

5.1. Elmi Şura, Himayəçilər Şurası, rektor, Büdcə Komitəsi və Audit Komitəsi Universitetin idarəetmə orqanlarıdır.

5.2. Universitetin ali idarəetmə orqanı Universitetin Elmi Şurasıdır (bundan sonra – Elmi Şura). Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” və bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Elmi Şuranın tərkibi “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, Elmi Şuranın tərkibinə tutduğu vəzifəyə görə daxil olanlardan və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılır. Elmi Şuranın tərkibinə tutduqları vəzifəyə görə Universitetin rektoru (Elmi Şuranın sədri), tədris işləri üzrə prorektor (Elmi Şura sədrinin müavini), digər prorektorlar, Universitetin filiallarının, elmi tədqiqat institutlarının və nəzdindəki kolleclərin direktorları, dekanlar, ali təhsil müəssisəsinin elmi katibi, Həmkarlar İttifaqı Komitələrinin (əməkdaşların və tələbələrin), Tələbə-Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının sədrləri daxil edilirlər.

5.4. Elmi Şuranın səlahiyyətlərinə Universitetin elm və tədris fəaliyyətindən irəli gələn məsələlərə baxmaq, Universitetin nizamnaməsində dəyişikliklər barədə təkliflər vermək, Universitetin daxili strukturunu (fakültə, kafedra, şöbə və digər struktur bölmələri) müəyyən etmək, struktur bölmələrinin yaradılması, ləğvi və yenidən təşkili barədə təkliflər vermək, onların əsasnamələrini təsdiq etmək, tələbə qəbulu planının layihəsini hazırlamaq, elmi adlara təqdim etmək, Universitetin fəxri professoru (doktoru) adını vermək, təhsilalanların geyim formasını müəyyən etmək, təhsilalanlara məqsədli təqaüdlər vermək, müəyyən etdiyi meyarlara uyğun gələn tələbələr üçün stimullaşdırma tədbirləri tətbiq etmək, ödənişli əsaslarla təhsil alanları təhsil haqqının ödənilməsindən tam və ya qismən azad etmək, təhsil haqqının ödənilməsində onlar üçün güzəştlər müəyyən etmək və tələbələrinin xarici ölkələrdə təhsilini maliyyələşdirmək haqqında qərar qəbul etmək və “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” ilə müəyyən edilmiş digər məsələlər aiddir.

5.5. Elmi Şuranın iclası onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Elmi Şuranın qərarları Elmi Şuranın iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Elmi Şuranın qərarları Universitetin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Universitetin rektoru Elmi Şuranın qərarını təsdiq etmədikdə həmin məsələ Elmi Şuranın iclasına təkrar çıxarılarsa, məsələ üzrə qərar Elmi Şuranın iclasında iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə qəbul olunur. Bu halda Universitetin rektoru həmin qərarı təsdiq etməlidir.

5.6. Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.

5.7. Himayəçilər Şurasının tərkibi azı 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Himayəçilər Şurasının səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir.

5.8. Universitetin Himayəçilər Şurasının (bundan sonra – Himayəçilər Şurası) səlahiyyətlərinə Universitetin strateji inkişaf proqramının, illik büdcəsinin və onun icrasının təsdiq edilməsi, Universitetin Audit Komitəsinin üzvlərinin seçilməsi, Universitetin fəaliyyət istiqamətlərinə nəzarət, Universitetin elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental və tətbiqi elmi layihələrin həyata keçirilməsinə, zəruri infrastrukturun yaradılmasına, beynəlxalq əlaqələrin qurulmasına, maliyyə vəsaitinin və sair investisiyaların cəlb edilməsinə, məzunların işlə təmin olunmasına dəstək göstərilməsi aiddir.

5.9. Universitetin cari fəaliyyətinə rəhbərliyi Universitetin rektoru (bundan sonra – Rektor) həyata keçirir. Rektorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir. Rektor əvəzçiliklə təyin oluna bilməz. Rektor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Rektor beş il müddətinə təyin edilir və eyni şəxs iki dəfədən artıq rektor vəzifəsinə təyin edilə bilməz. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikası təhsil nazirinin müəyyən etdiyi prorektor həyata keçirir.

5.10. Universitetdə təhsilverənlərin və təhsilalanların sayından asılı olaraq, prorektorların sayı azı 4 nəfər müəyyən edilir. Prorektorlar Universitetin təqdimatı əsasında Azərbaycan Respublikasının təhsil naziri tərəfindən beş il müddətinə təyin olunurlar. Eyni şəxs iki dəfədən artıq prorektor təyin edilə bilməz.

5.11. Rektor:

5.11.1. Universitetin elm, tədris, kadr və beynəlxalq əlaqələr məsələləri üzrə cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

5.11.2. Universiteti dövlət orqanları və təşkilatları ilə, yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

5.11.3. Universitetdə inzibati funksiyaları həyata keçirir;

5.11.4. Universitetin adından Büdcə Komitəsinin razılığı əsasında mülki-hüquqi əqdlər, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdlər (xüsusi əhəmiyyətli əqdlər), habelə Universitetə aidiyyəti olan şəxslərlə əqdlər (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında hesablar açır;

5.11.5. Universitetin işçiləri, struktur bölmələri və təhsilalanları üçün icrası məcburi olan əmr və sərəncamlar verir;

5.11.6. Elmi Şuranın qərarlarını təsdiq edir, Elmi Şuranın və Himayəçilər Şurasının qərarlarını həyata keçirir;

5.11.7. Büdcə Komitəsinin rəyi əsasında, Elmi Şuranın müəyyən etdiyi Universitetin daxili strukturunu və ştat cədvəlini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir;

5.11.8. Elmi Şuranın qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurasının qarşısında Universitetin cari fəaliyyətinə dair hesabat verir;

5.11.9. işçilərlə əmək müqavilələri bağlayır, işçilərin peşəkar inkişafını təşkil edir;

5.11.10. işçilərin vəzifə təlimatlarını təsdiq edir;

5.11.11. Universitetin daxili intizam qaydalarını təsdiq edir;

5.11.12. Universitetin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

5.12. Universitetin maliyyə-təsərrüfat fəaliyyəti üzrə idarəetmə orqanı Universitetin Büdcə Komitəsidir (bundan sonra – Büdcə Komitəsi). Büdcə Komitəsinin səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir.

5.13. Büdcə Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

5.13.1. Universitetin illik büdcəsinin layihəsinin hazırlanması;

5.13.2. Universitetin büdcə, maliyyə-təsərrüfat sahəsinə aid məsələlər barədə Elmi Şuraya, Rektora və Himayəçilər Şurasına tövsiyələr verilməsi, səlahiyyətlərinə uyğun olaraq maliyyə-təsərrüfat məsələlərinə razılıq verilməsi;

5.13.3. Universitetin daxili strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə, həmçinin onlarda dəyişikliklər edilməsinə razılıq verilməsi;

5.13.4. Universitetin uzunmüddətli maliyyə və investisiya siyasəti ilə bağlı maliyyə planlarının hazırlanması;

5.13.5. Universitetin əmlakının və maliyyə vəsaitlərinin idarə olunması;

5.13.6. Universitetin işçilərinin əməkhaqqı və mükafat məbləğlərinin müəyyənləşdirilməsi, ödənişli təhsil alanların təhsil haqqı və ondan azadolmalar barədə təklif verilməsi;

5.13.7. Universitetin maddi vəsaitlərinin uçotunun təşkili, onlardan istifadəyə nəzarət, Himayəçilər Şurasına, statistika, maliyyə və vergi orqanlarına təqdim olunacaq hesabatların hazırlanması, Universitetin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi.

5.14. Büdcə Komitəsi 3 üzvdən az, 5 üzvdən çox olmayan tərkibdə təşkil edilir. Universitetin bu sahəyə cavabdeh prorektoru eyni zamanda Büdcə Komitəsinin sədridir. Büdcə Komitəsinin üzvləri həmin prorektorun təqdimatı əsasında Azərbaycan Respublikasının təhsil naziri tərəfindən beş il müddətinə təyin olunurlar. Eyni şəxslər iki dəfədən artıq Büdcə Komitəsinin üzvü təyin edilə bilməzlər. Büdcə Komitəsinin üzvləri öz vəzifələrini ödənişli əsaslarla həyata keçirirlər.

5.15. Audit Komitəsi təhsil müəssisəsinin daxilində tədris, elm, kadr, maliyyə-təsərrüfat, beynəlxalq əlaqələr və digər məsələlərə dair nəzarət funksiyalarını həyata keçirən və birbaşa Himayəçilər Şurasına tabe olan qurumdur. Audit Komitəsinin səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir.

5.16. Audit Komitəsi 3 üzvdən az, 5 üzvdən çox olmayan tərkibdə təşkil edilir. Audit Komitəsinin üzvləri Universitetin heç bir idarəetmə orqanında təmsil olunmayan şəxslər sırasından Himayəçilər Şurasının üzvlərinin sadə səs çoxluğu ilə beş il müddətinə seçilirlər. Eyni şəxslər iki dəfədən artıq Audit Komitəsinin üzvü təyin edilə bilməzlər. Audit Komitəsinin üzvləri öz vəzifələrini ödənişli əsaslarla həyata keçirirlər.

5.17. Audit Komitəsi üzvlərinin səlahiyyətlərinin icrası ilə bağlı Universitetin fəaliyyətinin elm, tədris, kadr, maliyyə-təsərrüfat və digər sahəsinə aid sənəd və məlumat tələb etmək hüququ vardır.

5.18. Audit Komitəsi öz fəaliyyəti haqqında Himayəçilər Şurasına yarımillik və illik hesabatlar təqdim edir.

5.19. Fakültə Universitetin tədris, elmi və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilində bir və ya bir-birinə yaxın olan ixtisaslar üzrə bakalavr və magistr hazırlığını, müvafiq sahə üzrə əlavə təhsili həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir. Universitetin fakültələrinə ümumi rəhbərliyi Fakültə Elmi Şurası həyata keçirir. Fakültə Elmi Şurasının səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.

5.20. Kafedra Universitetin (fakültənin) əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir. Kafedranın səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.

5.21. Universitetdə elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texnik, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma Rektor tərəfindən həyata keçirilir.

 

6. Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri

 

Təhsilalanların, təhsilverənlərin, Universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, istehsal, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə, Universitetin daxili intizam qaydaları, Universitetlə əmək münasibəti olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.

 

7. Universitetin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

7.1. Universitetin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.

7.2. Universitetin əmlakı nizamnamə fondundan, ona dövlət və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq gördüyü işlərdən, göstərdiyi xidmətlərdən əldə etdiyi daxilolmalardan, ianələrdən, qrantlardan və bu Nizamnamə ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.

7.3. Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

7.4. Dövlət Universitetin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün Universitetə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

7.5. Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

7.6. Universitet bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

7.7. Universitetin və onun balansında olan əmlakın özəlləşdirilməsinə yol verilmir.

7.8. Universitetin əldə etdiyi əmlak onun mülkiyyətinə daxil edilir.

7.9. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ödənişli təhsil xidmətləri göstərmək, ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak Universitetə ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və bu Nizamnaməyə uyğun olaraq sərbəst istifadə edilir.

7.10. Universitetin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Universitet ödənişli təhsildən və digər mənbələrdən əldə olunan vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

7.11. Universitetin maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

7.12. Universitet aşağıdakı mənbələrdən maliyyələşdirilir:

7.12.1. dövlət vəsaitləri hesabına;

7.12.2. ödənişli təhsildən əldə olunan nağdsız vəsaitlər hesabına;

7.12.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Universitetə verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;

7.12.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları hesabına;

7.12.5. Universitetin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına;

7.12.6. Universitetin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız halda olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;

7.12.7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə edilən digər vəsaitlər hesabına.

7.13. Universitet mənfəət əldə etmək məqsədi güdmür.

7.14. Universitet xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdləri (xüsusi əhəmiyyətli əqd), habelə Universitetə aidiyyəti olan şəxslərlə əqdləri (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə bağlaya bilər. Universitet xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı və Universitetin illik maliyyə hesabatını Universitetin internet səhifəsində yerləşdirməyə borcludur.

 

8. Universitetin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası

 

8.1. Universitet öz fəaliyyəti haqqında məlumat hazırlayır və həmin məlumatı mütəmadi olaraq kütləvi informasiya vasitələrində aşağıdakılar göstərilməklə dərc etdirir:

8.1.1. Universitetin məqsədi və fəaliyyət istiqamətləri;

8.1.2. Universitetin hüquqi ünvanı, iş rejimi, rəsmi internet saytı, telefon nömrələri və elektron ünvanları;

8.1.3. Universitetdə mövcud olan ixtisasların adları.

8.2. Bu Nizamnamənin 8.1-ci bəndində nəzərdə tutulmuş məlumatlar eyni zamanda Universitetin rəsmi internet saytında, yerləşdiyi ərazi üzrə ictimai yerlərdə və ya inzibati binasının qarşısında yerləşdirilmiş məlumat lövhələrində göstərilir.

8.3. Vətəndaşlar yazılı və ya şifahi formada Universitetə müraciət edərək, onun fəaliyyəti haqqında məlumat əldə edə bilərlər.

 

9. Təhsil sahəsində beynəlxalq əlaqələr

 

9.1. Universitet orta ixtisas təhsili və ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir. Universitetdə tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir. Kredit sistemi üzrə tədrisin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

9.2. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən qeyri-kommersiya qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola bilər.

 

9.3. Universitetin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrini hazırlamaq, elmi-praktik konfranslar, simpoziumlar keçirmək, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi ilə müstəqil məşğul olmaq hüququ vardır.

9.4. Universitetin öz fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.

 

10. Universitetin yenidən təşkili və ləğvi

 

10.1. Universitetin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

10.2. Universitet ləğv edildikdə onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.