Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı 2006-2015-ci illər)”nın icrasının səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılsın.
2. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası üçün dövlət büdcəsi və digər mənbələr hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi vasitəsilə həyata keçirir.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
3.1. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yerləşdirilməsi məsələsini həll etsin;
3.2. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin strukturunu və xərclər smetasını hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 iyun tarixli 174s nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş Naziri 
Bakı şəhəri, 13 yanvar 2010-cu il
№ 5