Təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışı

        Hörmətli AMEA prezidenti!

        Hörmətli alimlər!         

        Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin təhsil ictimaiyyəti adından Sizi Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyi münasibətilə ürəkdən təbrik edir, şərəfli fəaliyyətinizdə uğurlar diləyir, ən xoş arzularımı çatdırıram.

      Azərbaycan elminin elitası qarşısında çıxış edərkən qeyd etməliyəm ki, Milli Elmlər Akademiyasının 70 illik yubileyinin ölkə Prezidentinin Sərəncamı ilə dövlət səviyyəsində keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün əlamətdar hadisədir. Akademiya yarandığı gündən ölkəmizin elmi-intellektual potensialının formalaşmasında, yüksək ixtisaslı milli kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Fəaliyyəti dövründə mühüm nailiyyətlər qazanmış AMEA bu gün müstəqil ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinə öz töhfələrini verməkdədir.

        İftixarla qeyd olunmalıdır ki, Akademiya fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda bir çox elmi məktəblərin yaranmasına nail olmuş, dünya elminə layiqli töhfələr vermişdir.    

        Azərbaycan elminin inkişafında müstəsna xidmətlər göstərmiş, yeni istiqamətlərin əsasını qoymuş alimlərdən bəzilərinin adlarını bu yubiley günündə yada salmaq yerinə düşərdi. Belə alimlərdən Azərbaycanda neft kimyası və üzvü sintez sənayesinin banisi Yusif Məmmədəliyevin, kimya texnologiyalarının nəzəri əsaslarının işlənməsində Murtuza Nağıyevin, yarımkeçiricilər fizikası sahəsində elmi məktəb yaratmış Həsən Abdullayevin, funksional analiz sahəsində Zahid Xəlilovun, mexanika elminin inkişafında Azad Mirzəcanzadənin və başqalarının xidmətlərini böyük minnətdarlıqla yada salır, onların ruhuna Tanrıdan rəhmət diləyirik.

        Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev elm sahəsini hər zaman diqqət mərkəzində saxlamış, onun inkişafı üçün böyük qayğı göstərmişlər.

        Hesab edirəm ki, bugünkü yubiley tədbiri və 4 gün bundan əvvəl alimlərimizin dövlət təltiflərinə və fəxri adlara layiq görülməsi haqqında imzalanmış Sərəncamlar deyilənlərə parlaq nümunədir.

        Hörmətli tədbir iştirakçıları!

        70 yaş – elə bir yubileydir ki, təkcə geridə qalmış yolu gözdən keçirmək üçün deyil, eyni zamanda gələcəyə də nikbin baxmağa və addımlarımızı planlaşdırmağa imkan yaradır. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insan resursları müəyyən edir. Həmin prosesdə elm, təhsil və iqtisadiyyatın birliyi inkişafın təməl prinsipini təşkil edir.

        Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir...” konseptual fikrinin əsasında elm və təhsilin iqtisadiyyatla inteqrasiyası, elmin inkişaf yollarının aydın strategiyası dayanır.

        Cəmiyyətimizin tərəqqisini təmin edən alət və açarları elm və təhsildə axtarmalıyıq. Elm və təhsilin prioritetliyinin təmin edilməsinin ən etibarlı yolu isə iqtisadi subyektləri fəaliyyətimizin nəticələrində mümkün qədər maraqlı etməsidir. Elmlər Akademiyası və təhsil sistemində toplanmış elmi biliklər iqtisadiyyatımızda yaradılan məhsul və xidmətlərin daha yüksək əlavə dəyərinin formalaşdırılmasına töhfə verə bilər. Hamıya məlumdur ki, 2 əsas təbii resursumuz – neft və qaz yüzlərlə növ istehsal məhsul üçün xammal rolunda çıxış edir. Lakin, bazar iqtisadiyyatının qanunları tələb edir ki, iqtisadi subyekt bu məhsullardan hansının istehsalının maliyyələşdirilməsi qərarını verməmişdən öncə onun elmi dəyərini deyil, iqtisadi məqsədəuyğunluq və rentabellilik faktorlarını rəhbər tutsun. Ona görə də biz özəl sektorun maliyyə resurslarını biznesin özü üçün potensial imkanlar gördüyü sahələrdəki elmi tədqiqatlara yönəldərək, dövlətə bugünkü gündə iqtisadi faydası olmayan və ya az olan, lakin gələcəkdə yüksək potensiala malik yeni sahələrə və layihələrə vəsaitin ayrılmasına imkan yaratmış olarıq.

        Elm və təhsilin əlaqələri haqqında elmi ədəbiyyatda, təhsilşünaslıqda kifayət qədər danışılmış, bütün elmlərin bünövrəsinin təhsillə qoyulduğu ideyası hər zaman dəstəklənmişdir. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz.

      Hazırda ölkəmizin müxtəlif ali təhsil müəssisələri və elmi təşkilatlarında 33 mindən çox mütəxəssis çalışır ki, onlardan 11 mindən çoxu fəlsəfə doktoru, 2.500 nəfəri isə elmlər doktorudur. Elmi dərəcəsi olan alimlərin təxminən 55%-i ali təhsil müəssisələrində çalışırlar. Alimlərimiz müxtəlif sahələrdə tədqiqatlar aparır və elmin inkişafını təmin edirlər. Onlar tərəfindən təkcə 2014-cü ildə 249 dərslik, 267 monoqrafiya, impakt-faktorlu elmi jurnallarda 322 məqalə nəşr etdirilmişdir.

          Bir qayda olaraq, cəmiyyət bu və ya digər elmi kəşfin əhəmiyyətini yalnız onun yekun məhsulda tətbiqini gördükdən sonra anlayır (məsələn, buxar mühərriki, elektrik enerji, rəqəmsal texnologiyalar). Bu mənada, elm və ali təhsil sahəsində özündə elmi biliyi, kreativliyi və sahibkarlığı birləşdirən startapların əhəmiyyəti bizdə hələ də axıradək tanınmayıb. Dünya təcrübəsi göstərir ki, məhz startaplar elmin, təhsilin və iqtisadi fəaliyyətin ən uğurlu inteqrasiyası formatı kimi çıxış etməklə, elmlə təhsilin müasir tələblərə uyğunlaşdırılmasının ən optimal yoludur. Hal-hazırda Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır.

        Elm və təhsilin əlaqəsindən danışarkən bir vacib məsələyə də toxunmaq istərdim. Təhsil Nazirliyi AMEA-nın elmi-tədqiqat institutları nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığı həyata keçirmək barədə təşəbbüsünü dəstəkləmiş, 2015-2016-cı tədris ilində Milli Elmlər Akademiyasının İnstitutlarına 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul edilmişdir. Təhsil Nazirliyi burada tədrisin ali təhsil müəssisələrində olduğu kimi vahid dövlət standartları əsasında təşkilinə dəstək verməyə, lazımi tədris-metodik köməkliyi göstərməyə hazırdır.

        Ümid edirik ki, bu addım yüksək potensiala malik gənclərin elmə öz gələcək fəaliyyət sahəsi kimi baxmağa, peşəkar karyeralarını burada qurmasına sövq edəcəkdir. Elmi-tədqiqat institutları da öz növbəsində akademik təhsil verən müəssisəyə transformasiya olunaraq özləri üçün kadr yetişdirilməsi işi ilə məşğul olmaq imkanı qazanacaqlar.

        Bir sıra ali təhsil müəssisələrimizin rektorları Akademiyanın həqiqi üzvüdürlər. Biz bununla fəxr edirik və eyni zamanda hesab edirik ki, onlar rəhbərlik etdikləri ali məktəblərlə Akademiyanın profil elmi institutları arasında inteqrasiyanı və qarşılıqlı əməkdaşlığı dərinləşdirmək üçün öz imkanlarından tam istifadə etməlidirlər.     

        Qarşımızda duran ümumi məqsəd və vəzifələrdən irəli gələrək mən, Akif müəllim, Milli Elmlər Akademiyasını və onun institutlarını “Elmdən Təhsilə” adlı məqsədli proqramının işlənib hazırlanmasına dəvət etmək istərdim. Bu Proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar. Öz tərəfimizdən biz məqsədli Proqram çərçivəsində baza ali təhsil müəssisələrini və ixtisasları müəyyənləşdirməyə, həmçinin dərs deyəcək alimlərin maddi təminat məsələsini həll etməyə hazırıq.

        Elmdə və təhsildə nəsillər arası güclü əlaqəni təmin etmək bu gün qarşımızda duran ən mühüm vəzifədir.  Dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcəkdir. Bu hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul etmişdir. İnanırıq ki, burada təhsil alan istedadlı gənclər içərisindən gələcəkdə yüksək ixtisaslı elmi mütəxəssislər də yetişəcəkdir.

        Ümumi təhsil sahəsində istedadlı gənclərin aşkar olunması, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən başlayaraq “Sabahın alimləri” adlı müsabiqə keçirilir. Bu tədbir dünyada ən nüfuzlu müsabiqələrdən biri olan və hər il ABŞ-da 70-dən artıq ölkə şagirdlərinin iştirakı ilə keçirilən İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Tədqiqat aparan şagirdlərin sayının artırılmasına yönəlmiş səylər öz bəhrəsini artıq verməkdədir. Əgər 2014-cü ildə müsabiqədə 102 şagird iştirak etmişdirsə, 2015-ci ildə müsabiqəyə 204 şagird buraxılmışdır.

        Ölkəmizdə yüksək ixtisaslı kadr potensialının, o cümlədən yeni nəsil elmi-pedaqoji kadrların formalaşmasında xaricdə təhsil Dövlət Proqramının müstəsna rolu vardır. Son üç ildə təqaüdçülərin seçimində üstünlük ali təhsilin magistratura, rezidentura və doktorantura səviyyələrinə verilmişdir. Düşünürük ki, ali təhsilin bu səviyyələrini bitirən gənclər gələcəkdə Azərbaycan elminin inkişafına da öz layiqli töhfələrini verəcəklər.

        Bildiyiniz kimi, ümumi təhsil pilləsində təfəkkürün inkişafını ehtiva edən yeni məzmun yaradılır. Açıq etiraf etməliyik ki, dərslik hazırlığı sahəsində kadr qıtlığı ilə üzləşmişik. Hesab edirik ki, istər Akademiya, istərsə də universitet alimləri təhsil proqramlarının təkmilləşdirilməsinə, müasir dərslik və digər tədris resurslarının yaradılmasına da öz töhfələrini verməlidirlər. Fürsətdən istifadə edərək, alimlərimizi dərslik hazırlığı işinə fəal cəlb olunmasına dəvət edirəm. İnanıram ki, bu xoşniyyətli çağırışıma səs verənlər olacaqdır.

        Hörmətli yubiley iştirakçıları!

        Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə milli elmi kadrların formalaşmasında önəmli rol oynamış, bu gün müstəqil Azərbaycan elminin, intellektual potensialının inkişafına da öz faydasını verməkdədir.

        Bu yubiley günündə elmimizi yaşadan Azərbaycan alimlərini və ziyalılarını bütün təhsil işçiləri adından bir daha səmimi qəlbdən təbrik edir, Sizlərə müstəqil Azərbaycanın parlaq gələcəyi naminə elmi faəliyyətinizdə yeni-yeni uğurlar, şəxsi həyatınızda səadət, möhkəm cansağlığı arzulayıram.

        Diqqətinizə görə təşəkkür edirəm!