Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Sual: Namizədlər qeydiyyatdan necə keçə bilərlər ?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Sual:Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı nə vaxt aparıcalaq?

Cavab: Elektron ərizələrin qəbulu 1-17 iyul 2016-cı il tarixlərində aparılacaq.

Sual:Məktəblərdə tibbi xidmət necə təşkil olunur?

Cavab: Ölkə üzrə ümumi təhsil müəssisələrinin əksəriyyətində tibb otaqları mövcüddur. Həmin otaqlar müvafiq tibbi avadanlıqlarla və ləvazimatlarla (soyuducu, tibbi çarpayı, tərəzi, boyölçən, dərmanların və tibbi ləvazimatların saxlanılması üçün şkaf, şagirdlərin görmə qabiliyyətini müəyyənləşdirmək üçün cədvəl, termometr, fanindoskop, bikslər, manometr və s.) təchiz edilib.
Ümumi təhsil məktəblərində şagirdlər arasında dispanserizasiyanın məqsədi və əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılır, uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsasları, uşaqlara müalicə-profilaktika tədbirləri, onların həyata keçirilməsi qaydaları və əhəmiyyəti barədə məlumatlar verilir.
Həmçinin, şagirdlərlə yolxucu xəstəliklər (vərəm, suçiçəyi, qızılca və s.), mədə-bağırsaq xəstəlikləri və onların profilaktikası, infeksion xəstəlikər, QİÇS, hepatit kimi xəstəliklər, pis vərdişlər, şəxsi gigiyena, kəskin respirator infeksiyadan qorunma tədbirləri və sanitar-gigiyenik qaydalar, bəzi xəstəliklərin törətdiyi fəsadlar haqqında maarifləndirici söhbətlər aparılır.

Sual:Həftəlik dərs yükünün təyin olunmasına Müəllimlərin Dioqnostik Qiymətləndirilməsinin nəticələri təsir edə bilərmi?

Cavab: Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”na əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi diaqnostik qiymətləndirmənin məqsədlərindən biridir. Belə ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü 1.5 dəfə, əməkhaqqları isə 2 dəfə artırılır.
Eyni zamanda, bildiririk ki, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin dərs bölgüsü aparılarkən, müəssisə rəhbəri tərəfindən qiymətləndirmənin nəticələri nəzərə alına bilər.

Sual:Məktəblilərin yay tətilinin səmərəli təşkil olunması istiqamətində hansı işlər görülür?

Cavab: Təhsil Nazirliyinin tabeliyində olan müvafiq məktəbdənkənar təhsil müəssisələri tətil üçün hazırlanmış xüsusi proqramlar çərçivəsində fərqli Yay Məktəbləri keçirilməsini nəzərdə tutub. Bundan əlavə, müxtəlif beynəlxalq proqramlar çərçivəsində yay məktəbləri, ekskursiyalar yaxud düşərgələrin təşkilində yaxından köməklik göstərilir.
QHT və yaxud hər hansı beynəlxalq layihə çərçivəsində uyğun təklif olduqda təşkilatı dəstək verilir. Bu baxımdan Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı çərçivəsində “İstək” liseyi, “London School” Dil Tədris Mərkəzi, “Şərq – Qərb” Nəşriyyat Evinin dəstəyi, “Azərbaycan üçün öyrət” yeni təhsil proqramı təşkilatçılığı ilə həyata keçirilən “Təhsil avtobusu” yay məktəbi layihəsini misal göstərə bilərik. Layihə Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Layihə çərçivəsində Yay Məktəbi zamanı Lənkəran, Quba, Gəncə və Şəkidə akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri 2 gün olmaqla, yay məktəbləri təşkil olunacaq. Yay Məktəbi çərçivəsində şagirdlərə dərslər, fərdi inkişaf təlimləri keçiriləcək və intellektual yarışlar təşkil olunacaq.
Həmçinin, məktəbdənkənar təhsil müəssisələri də bir neçə proqram üzrə yay məktəb və düşərgələrinin keçirilməsini planlaşdırır.

Sual:Məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması istiqamətində hansı işlər görülür?

Cavab: Məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə Təhsil Nazirliyi tərəfindən respublika üzrə bütün təhsil müəssisələrini əhatə edən yaradıcılıq istiqamətli müsabiqələr, sərgilər, konsert və festivallar, müxtəlif səviyyəli idman yarışları, turnirlər, çempionatlar, ekoloji biliklərin artırılması və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizin milli-mədəni dəyərləri ilə tanışlıq, uşaqların ümumi dünyagörüşünün və intellektual səviyyəsinin artırılması üçün bir sıra müvafiq işlər görülür.

Sual:Azərbaycanda dərsliklər hansı nəşriyyatlarda çap olunur?

Cavab: Ümumi təhsil məktəbləri üçün hazırlanmış dərsliklərin alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən tender elan edilir. Həmin tenderdə müxtəlif nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən təqdim edilmiş dərsliklər iştirak edir. Qalib dərsliklər Təhsil Nazirliyi tərəfindən satın alınır. Daha sonra “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dərsliklərin çapı üçün Təhsil Nazirliyi tərəfindən elan edilən açıq tenderdə iştirak etmək üçün müraciət edən nəşriyyat-poliqrafiya müəssisələri ixtisas uyğunluğu tələblərinə cavab verdikləri halda, iddiaçı kimi qeydə alınırlar. İxtisas uyğunluğu tələblərinə onların dərsliklərin çapı sahəsindəki əvvəlki təcrübəsi, sifariş edilən çapın həcminə ekvivalent istehsal gücü, ixtisaslaşmış işçi qüvvəsinə malik olması və s. tələblər aiddir.
Qalib nəşriyyat-poliqrafiya müəssisəsi müvafiq dərsliyi çap edir. Hər bir dərsliyi çap edən nəşriyyat-poliqrafiya müəssisəsinin adı dərslikdə qeyd edilir.

Sual:Müəllimlərə nə vaxt və neçə günlük əmək məzuniyyəti verilir?

Cavab: Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir.
Müvafiq qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.

Sual:Dərs ilinin müddətinin uzadılması hansı zərurətdən irəli gəlib?

Cavab: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da, dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Məlumat bildiririk ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır.
Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması və proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılmasıdır. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilmiş məlumata görə, son 10 ildə aparılmış müşahidələrin nəticələri göstərir ki, respublika ərazisində iyun ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 22,40 C, mütləq maksimum temperaturu 38,30 C, mütləq minimum temperaturu 11,00 C, sentyabr ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 21,90 C, mütləq maksimum temperaturu 38,00 C, mütləq minimum temperaturu 9,40 C olub. Göründüyü kimi, iyun və sentyabr aylarının temperatur göstəricələri demək olar ki, eynidir.
Eyni zamanda, sentyabrın 1-dən 14-nə kimi olan müddətin yay fəslinə, 1-14 iyun tarixlərinin isə yaz fəslinə təsadüf etdiyini nəzərə alsaq, iyun ayında dərslərin keçirilməsi hava şəraiti baxımından çətinlik törətməyəcəkdir.