Sual: Ali məktəblərdə hələ də  Sovet dövründə çap olunmuş dərsliklərdən istifadə olunur. Həmin dərsliklərdə isə tariximizlə bağlı müəyyən ziddiyyətli fikirlər var. Ümumiyyətlə, Sovet dönəmində çap olunmuş (ədəbiyyat, tarix) dərsliklərin tədrisdən kənarlaşdırılması nəzərdə tutulubmu?  

Cavab:  Sovet dövründə hazırlanmış bir sıra dərsliklər, əlbəttə, öz əhəmiyyətini itirmişdir və təbii ki, ali məktəblər bunu nəzərə almalıdırlar.

Sual: Universitetlərimizdə imtahanların yazılı, yaxud testlə aparılması nazirlik tərəfindən nəzarət altına alınıbmı? Niyə universitetlərdə imtahanlar fərqli formada həyata keçirilir, bəziləri imtahanları yazılı, digərləri isə test üsulu ilə həyata keçirir?

Cavab: Ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir (Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə”).
Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib (Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri). Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.

Sual: Azərbaycan  ali məktəblərinin Tempus proqramının müsabiqəsinə təqdim etdikləri 13 layihə uğur qazanmışdır. Ölkəmizin təhsil müəssisələri hansı digər beynəlxalq proqramlarda iştirak edirlər?   

Cavab: Azərbaycanın Avropa İttifaqı ilə ali təhsil sahəsində əməkdaşlığı bu təşkilatın müxtəlif  proqramları vasitəsi ilə həyata keçirilir.
Tempus proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) Avropa İttifaqının ali təhsil sahəsində yeni müstəqil dövlətlər - Qərbi Balkanlar, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi ölkələri ilə birgə həyata keçirdiyi əməkdaşlıq proqramıdır. Proqram Avropa İttifaqına üzv ölkələrin universitetləri ilə əməkdaşlıq vasitəsilə tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda ali təhsil sahəsində islahatlara yardım göstərmək məqsədi daşıyır. Proqramın əhatə etdiyi ölkələrdə ali təhsil sisteminin inkişafının sosial və iqtisadi tərəqqi istiqamətində əhəmiyyətli faktor olması xüsusi olaraq nəzərə alınır.
Tempus proqramı ali təhsil sisteminin müasir standartlara yüksəldilməsini dəstəkləyir və Avropa İttifaqı ilə tərəfdaş ölkələrdə əməkdaşlıq mühitini formalaşdırır. 1990-cı ildə Berlin divarının dağıdılmasından sonra təsis edilmiş bu proqram hazırda Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Yaxın Şərq regionu ölkələrini əhatə edir. Proqram Avropa Komissiyasının Təhsil, Audiovizual Siyasət və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən həyata keçirilir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən bu proqram post-sovet məkanı ölkələri ilə yanaşı, Azərbaycanın da Avropa İttifaqı ilə birgə iştirak etdiyi təhsil sahəsində ən geniş proqram hesab oluna bilər.
Azərbaycan ali məktəblərinin Tempus proqramı çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqəyə təqdim etdikləri 13 layihə uğur qazanmışdır. Qazanılmış layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti (“Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi”–1142902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti (“Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi” – 653908 avro) və Xəzər Universiteti (“Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə təməlin yaradılması” – 725273 avro) tərəfindən təqdim olunmuşdur. 2012-ci ildə cəmi 5 layihə qazanılmışdısa, 2013-cü ildə layihələrin sayı 13-ə çatmışdır. Nəticədə Azərbaycanın iştirak etdiyi Tempus layihələrinin sayı 46-yə çatdırılmışdır.
Qeyd edək ki, Azərbaycan Tempus proqramında 1995-ci ildən iştirak etməyə başlamışdır. Azərbaycanın dövlət və özəl ali məktəbləri müxtəlif prioritet sahələr üzrə Tempus layihələrində fəal iştirak edirlər. Hazırda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərinin iştirakını və struktur tədbirləri nəzərdə tutan layihələrə xüsusilə üstünlük verilir.
Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Belə ki, əgər 2012-ci ildə 45 layihə təqdim olunmuş və onlardan 5-i təsdiq olunmuşdusa, 2013-cü ildə 63 layihə təqdim olunmuş və 13 layihə təsdiq olunmuşdur.
Avropa İttifaqının Erasmus Mundus “Xarici əməkdaşlıq təşəbbüsü” 2007-ci ildən Azərbaycanda fəaliyyətə başlamışdır. Bu təşəbbüs Avropa İttifaqı və tərəfdaş ölkələr arasında tələbə və akademik heyətin fərdi səfərlərini təmin etməklə ali təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək,  həmçinin ali təhsil müəssisələri səviyyəsində insanların, bilik və bacarıqların mübadiləsi vasitəsilə Avropa İttifaqı və tərəfdaş ölkələr arasında faydalı əməkdaşlığı təmin etməkdir. Azərbaycan universitetləri Avropa İttifaqının 2 Erasmus-Mundus layihəsində iştirak edir.
Yuxarıda qeyd olunan Avropa İttifaqının təhsil sahəsinə aid olan TEMPUS, Erasmus Mundus və digər proqramların sona çatacaqlarını və gələn ildən elm və təhsil üzrə Erasmus+ və Üfüq 2020 proqramlarının təklif ediləcəyini nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən Azərbaycan ali məktəblərinin bu proqramlarda daha fəal iştirakının təmin edilməsi sahəsində hazırlıq işlərinə başlanmışdır. 
1989-cu ildə başladılmış Jan Mone proqramı ali təhsil müəssisələrində tədris və tədqiqatlar, eləcə də müvafiq debat, seminar və konfranslar vasitəsi ilə Avropaya inteqrasiya prosesi istiqamətində bilik və məlumatların genişləndirilməsinə yönəlmişdir. Bu proqram çərçivəsində həyata keçirilən layihələr müstəsna olaraq ali təhsil müəssisələrinə yönəlmişdir və universitetlərdə Jan Mone kafedraları, məlumat və informasiya mərkəzlərinin təsis edilməsi, Avropaya inteqrasiya sahəsində elmi-tədqiqat işlərinə yardım və bu kimi digər fəaliyyətləri əhatə edir. Azərbaycan ali təhsil müəssisələri tərəfindən proqramda iştirak etmək üçün bir neçə layihə təqdim olunsa da, bu vaxta qədər yalnız Azərbaycan Diplomatik Akademiyası layihəni qazanmağa müvəffəq olmuşdur.
E-tvinning isə Avropa İttifaqı tərəfindən orta təhsil sahəsində həyata keçirilən proqramdır. Onun məqsədi məktəbəqədər, ibtidai və orta təhsil müəssisələri arasında müxtəlif növ elektron layihələr vasitəsi ilə əlaqə və şəbəkənin yaradılması və inkişaf etdirilməsidir. Proqram 2012-ci ildən etibarən Şərq Tərəfdaşlığı ölkələri üçün açılmışdır.

Sual: Ölkənin ali məktəblərində dərslik çatışmazlığı problemi var. Bu problemin aradan qaldırılması üçün Təhsil Nazirliyi hansı işlər görür?

Cavab: Ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq ixtisasın (ixtisaslaşmanın) tədris planı hazırlanır. Tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanır, həmin dərsliklər aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin imzası ilə qrif (nəşr hüququ) alınması məqsədi ilə Təhsil Nazirliyinə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölməsinin müsbət qərarına əsasən dərsliyə qrif verilir. Ali təhsil müəssisələri tələbələri üçün dərsliklərin nəşri isə müəlliflərin vəsaiti və ya ali təhsil müəssisəsi hesabına aparılır. Təhsil Nazirliyi tərəfindən bu işə vəsait ayrılmır. Eyni zamanda bildiririk ki, bu dərsliklərin yayılması ümumi qaydalarla həyata keçirilir və funksiyasına daxil olmadığına görə Nazirlik bu işə nəzarət etmir.

Sual: Çox böyük məbləğdə təhsil haqqı ödəmələrinə baxmayaraq, bəzi özəl universitetlərin tələbələri də dərslik çatışmazlığı problemi ilə üzləşir. Təhsil Nazirliyi özəl universitetlərdə təhsil alan tələbələrin dərsliklərlə təmin olunması məsələsinə müdaxilə edə bilirmi?

Cavab: Təhsil Nazirliyi nə dövlət, nə də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin dərsliklərlə təmin olunmasına müdaxilə etmir. Tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir. Bununla yanaşı, ali təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı Təhsil Nazirliyi tərəfindən digər meyarlarla yanaşı, «tələbələrin sayına görə dərsliklərlə təmin olunma» da meyar kimi nəzərə alınır.

Sual: Sovet hakimiyyəti illərində, Bakının müxtəlif yerlərində, o cümlədən qəsəbələrdə uşaq mədəniyyət sarayları fəaliyyət göstərirdi. Yaxın gələcəkdə uşaq mədəniyyət saraylarının  fəaliyyətinin bərpası nəzərdə tutulurmu?

Cavab: Təyinatından asılı olmayaraq mədəniyyət sarayları Təhsil Nazirliyinin tabeliyində olmamışdır.

Sual: 12 illik təhsil rejimi indiki şagirdlərə də tətbiq olunacaq, yoxsa, gələn il 1-ci sinfə gedən şagirdlərə?

Cavab: 12 illik təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapmışdır. Yaxın vaxtlarda 12 illik təhsilə keçidin mexanizmləri işlənib hazırlanacaq və bu keçidə nə vaxtdan başlanacağı barədə qərar qəbul olunacaqdır.

Sual: İlk peşə-ixtisas müəssisələri sentyabrın 30-a qədər vakant yerlər barədə Təhsil Nazirliyinə məlumat verməli idilər. Bu məlumatlara əsasən, nə qədər vakant yer olub? Həmin yerlərə müəllimlərin işə qəbulu aparılacaqmı?

Cavab: İlk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə artıq qəbul aparılmışdır, lakin bununla yanaşı, bir sıra peşə təhsili müəssisələrində vakant yerlər mövcuddur.
Bununla əlaqədar olaraq, noyabr ayına qədər yeni bir siyahının hazırlanıb təqdim edilməsi nəzərdə tutulmuşdur.

Sual: Hazırda Azərbaycan Respublikası üzrə xüsusi məktəblərdə neçə əqli qüsurlu şagird təhsil alır? Əqli qüsurlu şagirdlərin ümumi təhsil məktəblərindən çıxarılaraq xüsusi məktəblərə yerləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən hansı tədbirlər həyata keçirilir? Bu məsələdə Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə necə əməkdaşlıq edir?

Cavab: Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi sistemində 4 xüsusi məktəb fəaliyyət göstərir. Onlardan 3-ü Bakı şəhərində, 1-i isə Gəncə şəhərindədir. Bu müəssisələrdə cəmi 2536 nəfər şagird təhsil alır.
Ümumtəhsil məktəblərindən şagirdlərin xüsusi məktəblərə keçirilməsi rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında ola bilər. Həmin komissiyalarda təhsil işçiləri ilə yanaşı səhiyyə işçiləri də fəaliyyət göstərir. Şagirdlərin sağlamlıq vəziyyəti səhiyyə müəssisələri tərəfindən müəyyən edilir. Bütün hallarda xüsusi təhsilə cəlb olunma ilə əlaqədar təhsil və səhiyyə şöbələrinin nümayəndələri birgə qərar qəbul edirlər.

Sual: De-institutlaşdırma ilə bağlı Azərbaycanda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələrdən biri uşaq evləri və internat tipli müəssisələrin tədricən ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunmasıdır.
Qeyd olunan məsələ ilə bağlı bu sahədə dünyanın aparıcı ölkələrinin mütərəqqi təcrübəsi öyrənilmiş və Dövlət Proqramının icrası istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş planın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 22 iyun tarixli qərarına əsasən, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli və 3 nömrəli xüsusi internat məktəbləri şagird kontingentinin azalması səbəbindən birləşdirilmiş, 2012-ci il 6 dekabr tarixli qərara əsasən isə, Qusar şəhər internat məktəbi ləğv edilərək bazasında Qusar şəhər peşə-liseyi yaradılmışdır.
 Beləliklə, 2008-ci ildə ölkə üzrə dövlət uşaq müəssisələrinin sayı 55 olduğu halda, Dövlət Proqramı çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin sayı 42-ə enmişdir. Transformasiya olunmuş 13 müəssisə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən müəssisələr içərisindəndir. Dövlət Proqramının Tədbirlər Planına və Baş plana əsasən, uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı xidmətlər ilə əvəz olunması işinə başlanılmışdır.
Uşaqların müəssisəyə düşməsinin qarşısını almaq üçün yerli səviyyədə alternativ xidmətlərin təşkil edilməsi üzrə iş aparılmışdır. Bu məqsədlə Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya mərkəzləri yaradılmışdır. Daha iki reabilitasiya mərkəzi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Nəticə etibarilə 503 nəfər uşaq alternativ xidmətlərə cəlb olunmuşdur.
Alternativ qayğı xidmətlərinə günərzi-qayğı və reabilitasiya mərkəzləri ilə yanaşı, ailə tipli kiçik qrup evi və himayədar (foster) qayğı xidmətləri də daxildir. Ailə tipli kiçik qrup evinin yaradılmasında məqsəd, övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində qayğı göstərməkdən ibarətdir.
Proqramın icrası olaraq 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən ailə tipli kiçik qrup evi tikilmiş və valideyn himayəsindən məhrum olmuş, daim müəssisədə yaşayan 10 nəfər qız (8-13 yaş arası) uşağı həmin evə yerləşdirilmişdir. Kiçik qrup evində yaşayan məktəb yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alırlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları var. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında tərbiyəçilər məşğul olur.
Bununla yanaşı bildiririk ki, Ailə tipli kiçik qrup evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 250 nömrəli qərarı ilə Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli qərarı ilə Ailə tipli kiçik qrup evinin nümunəvi Nizamnaməsi təsdiq edilmişdir. 
Uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən biri də uşaqlara doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin alınmasıdır. Belə ki, Dövlət Proqramı çərçivəsində Ədliyyə Nazirliyinin müvafiq dəstəyi ilə 118 nəfər uşağa doğum haqqında şəhadətnamə, Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində 18 nəfər uşağa şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı köməklik göstərilmişdir.