Macarıstanda ali təhsillə bağlı verilən suallar

Sual: Müsabiqədə iştirak üçün necə müraciət etməliyəm?

Cavab: - Əvvəlcə, keçiddə qeyd edilmiş Macarıstan Təqaüd Proqramının müraciət formasını doldurmalısınız. Müraciət formasını düzgün şəkildə tamamlamış və müsahibə mərhələsində iştirak üçün əsas kriteriyalara cavab verən şəxslər müsahibədə iştirak etmələri üçün dəvət olunacaqlar.

 

Sual: Hansı ixtisaslar üzrə Macarıstanda təhsil ala bilərəm?

Cavab: Macarıstan təhsil müəssisələrində aşağıdakı ixtisaslar üzrə təhsil ala bilərsiniz:

tam bakalavr, magistratura təhsil proqramları üzrə

- kənd təsərrüfatı, su idarəetməsi - 40 təqaüd;

- təbiət elmləri, davamlı inkişaf - 30 təqaüd,

- tibb elmləri (“health studies”) - 10 təqaüd;

- turizm - 40 təqaüd;

- mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 30 təqaüd;

- iqtisadiyyat, biznes və idarəetmə elmləri - 40 təqaüd;

doktorantura təhsili üzrə

- istənilən maraq dairəsi - 10 təqaüd.

 

Sual: Təqaüd Proqramında bir təhsil ili üzrə Macarıstan tərəfindən nə qədər təqaüd verilir?

Cavab: Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir:

• Bakalavriat və magistratura proqramları üçün: 40460 Macarıstan forinti

• Doktorantura proqramları üçün: təhsilin ilk 2 ilində 140.000, növbəti 2 ilində isə  180.000 Macarıstan forinti;

 

Sual: Mən bu il Macarıstanda ali təhsil müəssisəsinə artıq qəbul olmuşam. Təhsilimi dövlət hesabına davam etdirə bilərəm?

Cavab: Hökumətlərarası saziş çərçivəsində tələbələrin müraciət edə bildikləri ixtisaslar sazişə uyğun müəyyənləşdirilmişdir. Təhsilinizi qəbul olduğunuz universitetdə qəbul olduğunuz ixtisas üzrə o halda davam etdirə bilərsiniz ki, həmin ixtisasın saziş çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuşdur və siz Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən uğurla keçmişiniz. Eyni zamanda, təhsil aldığınız ali təhsil müəssisəsinin adı Macarıstan tərəfindən təqdim olunmuş müvafiq siyahıda yer almalıdır.

 

Sual: Hökumətlərarası saziş çərçivəsində Macarıstanda təhsil hansı dildədir?

Cavab: Macarıstan ali məktəblərində tələbələr macar və ingilis dilində təhsil ala bilərlər.

 

Sual: Macar dilini bilməyən tələbə Macarıstan ali məktəblərində necə təhsil ala bilər?

Cavab: Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər.

 

Sual: Macarıstan ali məktəblərində ingilis dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi kifayət edir?

İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş səviyyəyə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar.

 

Sual: Macarıstanda təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını hardan əldə edə bilərəm?

Cavab: www.edu.gov.az internet səhifəsinin ELANLAR bölməsindən Macarıstan ali məktəblərinə qəbul ilə bağlı tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz.

 

Sual: Müraciət üçün tələb olunan sənədlərdən bəzilərinin ingilis dilində və notarial qaydada təsdiqi istənilir. Sənədlərin orijinalının olduğu kimi skan olunub, tərcümə və təsdiqli formasının isə müsahibəyə gələrkən özümüzlə gətirilməsi mümkündürmü?

Cavab: Bəli mümkündür. Müsahibəyə gələrkən notarial qaydada tərcümə və təsdiq olunmuş sənədlərin surətini özünüzlə gətirməyiniz tələb olunur.

 

Sual: Mən hazırda bakalavriat səviyyəsi üzrə 3-cü kurs tələbəsiyəm. Eyni səviyyə üzrə təhsilimi Macarıstanda davam etdirə bilərəm?

Cavab: Xarici ali təhsil müəssisələrinə daxil olanlar və ya hazırda təhsil alan şəxslər, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələrində bakalavr pilləsində təhsil alan şəxslər təhsilinin 50%-dən çoxunu tamamlamamış olmalıdırlar. 

 

Sual: Təhsil almaq istədiyim universiteti özüm seçə bilərəm?

Cavab: Müraciət formasını doldurarkən 3 ixtisas (eyni ixtisas istiqaməti üzrə) və uyğun universitetləri siyahıya əsasən seçə bilərsiniz. Universitetlərə fərdi şəkildə müraciət etmək mümkün deyildir.

 

Sual: Mən bakalavr təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm?

Cavab: Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır.

 

Sual: Macarıstan ali məktəblərində təhsil səviyyələri üzrə təhsil müddəti necə müəyyən edilir?

Cavab: Müraciət etdiyiniz ali təhsil müəssisəsinin tələbinə uyğun olaraq, təhsil müddəti bakalavriat səviyyəsi üzrə 3-4 il, magistratura səviyyəsi üzrə 1,5-2 il və  doktorantura səviyyəsi üzrə 3-4 il ola bilər.

 

Sual: Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Qiymətlərin çıxarışını təqdim etmək olar?

Cavab: Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz. (ingilis dilinə tərcümə əlavə edilməklə). Çatışmayan sənədlər olduğu təqdirdə (diplom, diplom əlavəsi, attestat, beynəlxalq dil sertifikatı və s.), onları 1 avqust tarixinədək elektron ərizə sisteminə yükləməlisiniz.

 

Sual: Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi?

Cavab: “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.

Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər.

 

Sual: Təhsil səviyyələri üzrə yaş məhdudiyyəti mövcuddur?

Cavab: Təhsil səviyyələri üzrə heç bir yaş məhdudiyyəti müəyyən olunmamışdır.

 

Sual: Təqaüd proqramı çərçivəsində qarşılanan xərclər hansılardır?

Cavab: Macarısta tərəfindən:

• ödənişsiz təhsil;

• universitet yataqxanasında yaşayış;

• tibbi sığorta;

• aylıq təqaüd

Azərbaycan tərəfindən tələbələrin xərcləri qarşılanmır (tələbələrin gediş-gəliş biletləri şəxsi vəsaitləri hesabına qarşılanır).

 

Sual: Mən bundan öncəki təhsilimi xaricdə bitimişəm, diplomun və diplom əlavəsinin nostrifikasiyasına dair sənəd təqdim etməliyəm?

Cavab: Bəli, öncəki ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində tanınmasına/nostrifikasiyasına dair sənəd təqdim etməlisiniz. Müvafiq sənədi əldə etməmisinizsə, ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://nostrifikasiya.edu.az

 

Sual: Mən bakalavr/magistratura/doktorantura səviyyəsi üzrə Macarıstan təqaüd proqramı çərçivəsində təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə bu proqrama təkrar müraciət edə bilərəm?

Cavab: Macarıstan təqaüd proqramının tələbinə əsasən, eyni təhsil səviyyəsi üzrə bu proqrama yenidən müraciət etmək mümkün deyildir.

 

Sual: Mən dövlət hesabına bakalavr/magistratura/doktorantura səviyyəsi üzrə təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə Macarıstan təqaüd proqramına təkrar müraciət edə bilərəm?

 Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;