Mikayıl Çingiz oğlu Cabbarov

1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri almışdır.
1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) üzvüdür.
Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərmişdir.
2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
İctimai həyatda fəal rol oynayır. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilmişdir. "Nə? Harada? Nə vaxt?" və "Breyn-Rinq" oyunlarının fəal üzvü olmuşdur.
1994-1997-ci illərdə "Atəşgah" Bakı Bilicilər Klubunun prezidenti olmuşdur.
Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanmışdır. 1997-ci ildə Rusiyanın 1-ci kanalında yayımlanan "Nə? Harada? Nə vaxt?" oyununda Azərbaycandan olan ilk bilici olmuşdur.
Evlidir, 2 övladı var.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri təyin edilmişdir.