Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında” qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN NƏZDİNDƏ TƏSƏRRÜFATHESABLI DE-İNSTİTUTLAŞMA VƏ UŞAQLARIN MÜDAFİƏSİ İDARƏSİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı 2006-2015-ci illər)”nın icrasının səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  
 
QƏRARA ALIR:
 
1. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılsın.
2. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası üçün dövlət büdcəsi və digər mənbələr hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi vasitəsilə həyata keçirir.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
3.1. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yerləşdirilməsi məsələsini həll etsin;
3.2. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin strukturunu və xərclər smetasını hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 iyun tarixli 174s nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş Naziri 
Bakı şəhəri, 13 yanvar 2010-cu il
№ 5

 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli 5 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində “Təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi” yaradılsın.
3. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” idarə olunması üzrə İşçi Qrupunun rəhbəri Məlahət Arif qızı Hacıyeva De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi vəzifəsinə təyin edilsin.
4. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M. Hacıyeva):
4.1. Bir ay müddətinə İdarənin nizamnaməsinin hazırlanmasını, mövcud qanunvericiliyə uyğun qeydiyyatdan keçirilməsini təmin etsin.
4.2. İdarənin möhür və ştampının hazırlanmasını təmin etsin.
4.3. Təhsil Nazirliyi sistemində olan dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan və yerləşdirilən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların vaxtında aşkar edilməsi, yerləşdirilməsi, övladlığa, qəyyumluğa (himayəyə) və himayədarlığa verilməsi və rəsmi statistik hesabatların alınması ilə bağlı işlərin Rayon və Şəhər İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar ilə sıx əməkdaşlıq çərçivəsində tənzimlənməsini təmin etsin.
4.4. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhatə etdiyi və Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan dövlət uşaq müəssisələri ilə sıx əlaqəli əməkdaşlığı təmin etsin.
5. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhatə etdiyi və Təhsil Nazirliyi sistemində olan internat məktəbləri, uşaq evləri və alternativ qayğı müəssisələri De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin kurasiyasına verilsin (siyahı əlavə olunur).
6. Rayon və Şəhər Təhsil Şöbələrinin müdirlərinə tapşırılsın ki, risk qrupuna daxil olan, sağlamlıq imkanları məhdud uşaqların vaxtında aşkar olunması və onların müdafiəsi ilə bağlı preventiv tədbirlərin görülməsi üçün təhsil şöbələrinin uşaq mühafizəsi üzrə məsləhətçilərinin, ümumtəhsil məktəblərində uşaq birliyinin rəhbərlərinin, psixoloq və təşkilatçı vəzifəsində çalışan, məktəbəqədər müəssisələrində isə metodist vəzifəsində çalışan əməkdaşların De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi ilə sıx əməkdaşlığını təmin etsinlər.
7. Respublika və Bakı şəhəri üzrə Psixoloji-Tibbi-Pedaqoji Komissiyalarının sədrlərinə tapşırılsın ki, sağlamlıq imkanları məhdud olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi ilə bağlı qərarların De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi ilə razılaşdırılmasını təmin etsinlər.
8. İqtisadiyyat şöbəsi (Ş. Əliyev):
8.1. Xəzinə orqanında De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin xəzinə hesab kitabının açılması məqsədi ilə Maliyyə Nazirliyinə müraciət olunmasını təmin etsin.
8.2. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin strukturunu və xərclər smetasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq üçün təqdim etsin.
8.3. Təsdiq olunmuş xərclər smetasına əsasən, maliyyələşmə ilə əlaqədar müvafiq vəsaitin müəyyən olunmuş ümumi qaydada idarənin yerləşdiyi xəzinədarlıq orqanı üzrə xəzinə hesabına köçürülməsini təmin etsin.
8.4. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı(2006-2015-ci illər)”nın icrası üçün dövlət büdcəsi və digər mənbələr hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi vasitəsilə həyata keçirir.
9. Ümumi şöbə (İ. Mirzəyev):
9.1. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yerləşdirilməsi məsələsini həll etsin.
9.2. Əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.
10. İctimaiyyətlə əlaqələr şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
11. İşçi Qrupun yaradılması barədə Təhsil Nazirliyinin 02.07.2007-ci il 788 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
12. Əmrə nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli 5 nömrəli qərarı, İ.Pirməmmədov, F. Qədirov, Ş. Əliyev və M. Hacıyevanın müvafiq dərkənarla birgə təqdimatı, A. Muradovun 21.12.2009-cu il tarixli müvafiq dərkənarla təqdimatı.
 
Misir Mərdanov
Təhsil naziri
18.01.2010-cu il
№ 28