Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.28-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilsin:
- ödənişli əlavə təhsil;
- məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;
- təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı;
- elmi tədqiqat və təcrübi-konstruktor işləri;
- elmi-praktiki tədbirlərin təşkili;
- nəşriyyat-poliqrafiya işləri;
- tədris prosesində əldə olunan məhsulun satışı.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 yanvar  2010-cu il
№ 10