Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1707 nömrəli, “Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1708 nömrəli, “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli, “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1710 nömrəli, “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1711 nömrəli, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 19 yanvar tarixli 1717 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 240 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1036, № 9, maddə 1142) (2-ci hissəsi istisna olmaqla) ləğv edilsin.

3. Bu qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 mart 2016-cı il

№ 106


 

Əlavə:

 

1. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli

 

2. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli