"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması zərurəti və müasir elmi texnologiyaların mənimsənilməsi ilə bağlı məsələlər təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasını, məzmunca müasirləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 21 avqust tarixli Sərəncamının icrası ilə bağlı araşdırmalar, orta məktəb şagirdlərinin müxtəlif beynəlxalq fənn olimpiadalarında və ali məktəblərə qəbul imtahanları zamanı nümayiş etdirdikləri bilik səviyyəsi göstərir ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində günün tələblərinə cavab verən innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün kifayət qədər müasir təhsil mühiti formalaşmışdır.
Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi ilə
 
QƏRARA ALIRAM:

1. Müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq, hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 (əlli) ən yaxşı ümumtəhsil məktəbinin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10000 (on min) manat və 100 (yüz) ən yaxşı müəllimin hər birinə 5000 (beş min) manat məbləğində birdəfəlik mükafat təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bir ay müddətində “ən yaxşı ümumtəhsil məktəbi” və “ən yaxşı müəllim” innovativ təhsil proqramları üzrə müsabiqələrin keçirilməsi və ümumtəhsil məktəblərinə ayrılmış vəsaitlərin istifadə edilməsi istiqamətləri barədə qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2007-ci il.