Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında" 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının icrasını təmin etmək məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı icra və rəhbərlik üçün qəbul edilsin (əlavə olunur).
2. Kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilsin (əlavə olunur).
3. Ali təhsil müəssisələri tədris prosesinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın tələblərinə və tədris sənədlərinin təsdiq olunmuş nümunələrinə uyğun aparılmasını təmin etsinlər.
4. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Əmrin və "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya şöbəsinə həvalə olunsun.
6. Əmr 2013/2014-cü tədris ilinin ikinci semestrinin əvvəlindən qüvvəyə minsin və həmin vaxtdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"nin təsdiq edilməsi haqqında 20.04.2006-cı il tarixli 264 nömrəli, həmin əmrdə dəyişiklik edilməsinə dair 23.07.2007-ci il tarixli 914 nömrəli, habelə "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə"nin təsdiqi barədə 15.05.2003-cü il tarixli 420 nömrəli əmrləri qüvvədən düşmüş hesab olunsun.
7. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın. 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 yanvar 2014-cü il