“Mühəndislik elmi və İdarəetmə” mövzusunda X beynəlxalq konfransın keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2007-ci ildən etibarən hər il müxtəlif ölkələrdə təşkil olunan “Mühəndislik elmi və İdarəetmə” X beynəlxalq konfransının gənc alim və tədqiqatçılar üçün əhəmiyyətini nəzərə alaraq, mühəndislik və menecment ixtisasları üzrə kadr hazırlığı aparan bir sıra ali təhsil müəssisələrində bu sahə üzrə elmi tədqiqat işlərinin stimullaşdırılması məqsədi ilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2016-cı ilin 31 avqust - 1 sentyabr tarixlərində “Mühəndislik və İdarəetmə” X beynəlxalq konfransı Bakı şəhərində keçirilsin.

2. Konfransın Təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Konfransın təşkili ilə bağlı xərclərin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən ödəniləcəyi nəzərə alınsın.

4. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Y.Piriyev):

4.1. konfransın işinə mühəndislik və idarəetmə sahələri üzrə Azərbaycan ali təhsil müəssisələrində çalışan alimləri cəlb etsin;

4.2. konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin;

4.3. maliyyələşdirilməsi nəzərdə tutulan tədbirlərin məzmunu, qrafiki və digər aidiyyəti məsələlər barədə  müvafiq ali təhsil müəssisələrinin  məlumatlandırılmasını təmin etsin.

5. Beynəlxalq əməkdaşlıq şöbəsi (M.Məmmədov) konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilati məsələləri həll etsin.

6. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin aidiyyəti müəssisə və struktur bölmələrinə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini, habelə keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.

7.   Əmrin icrasına nəzarət nazirin  müşaviri F. Əmirbəyova həvalə edilsin.

Əsas: Nazirin  müşaviri F.Əmirbəyovun təqdimatı.

 

 Ceyhun Bayramov,
Azərbaycan Respublikası təhsil nazirinin

səlahiyyətlərini müvəqqəti icra edən
nazir müavini

19 avqust 2016-cı il 

№556


 

Əlavə:

 

“Mühəndislik elmi və İdarəetmə” mövzusunda X beynəlxalq konfransın keçirilməsi barədə təşkilat komitəsinin tərkibi