Tələbələrin XVII Respublika fənn olimpiadasının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 06.02.2012-ci il tarixli, 162 nömrəli qərarına, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 fevral 2012-ci il tarixli, 281 nömrəli əmrinə əsasən Tələbələrin XVII Respublika fənn olimpiadasının I turu 2012-ci ilin fevral-mart aylarında ali təhsil müəssisələri tərəfindən, II–yekun turu isə may ayının 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında  11 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) üzrə keçirilmişdir. İnformatika fənni üzrə olimpiada may ayının 13-də Qafqaz Universitetində təşkil edilmişdir.
Olimpiadanın birinci turunda hər bir ali təhsil müəssisəsi öz tələbələri arasında müvafiq fənlər üzrə yarış keçirərək ən bilikli tələbləri seçmiş və onların II turda iştirak etməsini tövsiyə etmişdir.
2012-ci ildə olimpiadaya vəsiqə qazanan tələbələrin sayı ötən olimpiadalara nisbətən artmışdır. Belə ki, 2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbə, 2010-cu ildə keçirilmiş XV olimpiadanın yekun turuna  34 ali məktəbdən 630 tələbə, XVI olimpiadanın yekun turuna 36 ali təhsil müəssisəsindən 684 tələbə vəsiqə qazanmışdısa, XVII fənn olimpiadasının yekun turuna 39 ali təhsil müəssisəsindən 750 tələbə vəsiqə qazanmışdır. Olimpiadanın yekun turunda iştirak edən ali təhsil müəssisələri sırasında Bakı şəhərindəki təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşən ali təhsil müəssisələri də vardır.
Olimpiadanın yekun turuna vəsiqə qazanmış tələbələrin fənlər üzrə bölgüsü göstərir ki, tələbələr tərəfindən ən böyük maraq Azərbaycan dili və ingilis dili fənlərinədir. II turun iştirakçilarından 15,3%-i (115 nəfər) məhz ingilis dili, 13,7% (103 nəfər) Azərbaycan dili fənnini seçmişdir. Azərbaycan tarixi fənninin payına 12,8% (96 nəfər), riyaziyyat fənninin payına 12% (90 nəfər) düşmüşdür. Qalan fənlər üzrə iştirakçıların sayı 10%-dən aşağıdır.
Olimpiadanın II turuna vəsiqə qazanmış tələbələrdən 655 tələbə müxtəlif fənlər üzrə olimpiadada iştirak etmişdir.
Təşkilat Komitəsinin və Münsiflər heyətinin səmərəli fəaliyyəti nəticəsində olimpiada iştirakçılarının işləri bütün fənlər üzrə qısa müddət ərzində yoxlanılmış, qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Münsiflər heyətinin qərarına görə I yerə 10 tələbə, II yerə 23 tələbə, III yerə 36 tələbə, həvəsləndirici yerə 51 tələbə layiq görülmüşdür.
Qaliblərin ali təhsil müəssisələri üzrə bölgüsü aşağıdakı kimidir: Bakı Dövlət Universiteti - 28, Qafqaz Universiteti – 16,  Azərbaycan Dillər Universiteti – 13, Azərbaycan Dövlət Pedaqoji Universiteti – 10, Sumqayıt Dövlət Universiteti – 10, Bakı Slavyan Universiteti – 9, Gəncə Dövlət Universiteti – 4, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi – 4, Azərbaycan Dövlət Neft Akademiyası -4, Odlar Yurdu Universiteti-3, Moskva Dövlət Universitetinin Bakı filialı – 3, Azərbaycan Texniki Universiteti - 3, Naxçıvan Dövlət Universiteti – 2, AR Fövqəladə Hallar Nazirliyinin Akademiyası – 1, Azərbaycan Müəllimlər İnstitutu-1, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı -1, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı – 1, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı – 1, Azərbaycan Dövlət İqtisad Universiteti -1, Azərbaycan Memarlıq və İnşaat Universiteti - 1, Azərbaycan Milli Aviasiya Akademiyası – 1, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 1, Təfəkkür Universiteti -1, Azərbaycan Dövlət Aqrar Universiteti – 1 nəfər.  
Təhlil göstərir ki, olimpiadada iştirak edən 39 ali təhsil müəssisəsindən yalnız 24-nün tələbələri müvəffəqiyyət qazana bilmişdir. Dövlət ali təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət ali təhsil müəssisələrinin tələbələri də olimpiadada uğurla iştirak etmişlər.
Baza ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən olimpiadanın keçirilməsi üçün lazımi şərait yaradılmış və bütün məsələlər  operativ şəkildə həyata keçirilmişdir.
Qafqaz Universiteti informatika fənni üzrə olimpiadanın keçirilməsində fəal iştirak etmişdir.
Təhsil Nazirliyinin Elm şöbəsi tərəfindən Tələbələrin XVII Respublika fənn olimpiadasının keçirilməsi, Münsiflər heyətinin işinin təşkili, müvafiq sənədlərin hazırlanması sahəsində lazımi işlər görülmüş, Münsiflər heyətinin üzvləri ilə birgə olimpiada məsələləri və sualları, eləcə də olimpiada iştirakçıları və qalibləri barədə məlumat bankı yaradılmışdır.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM :
 
1. Tələbələrin XVII Respublika fənn olimpiadası qaliblərinin Münsiflər heyətinin qərarları əsasında müəyyənləşdirilmiş siyahısı təsdiq edilsin (əlavə 1).
2. Nəzərə alınsın ki, olimpiadada I, II, III  yerlərə  layiq görülmüş  tələbələrə (əlavə 1) və Münsiflər heyətinin sədrlərinə (əlavə 2) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları təqdim ediləcəkdir.
3. Olimpiadanın II turunun keçirilməsi üçün əlverişli şərait yaradan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədova və elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyevə təşəkkür elan edilsin.
4. İnformatika fənni üzrə olimpiadanın II turunun təşkilində fəal iştirakına görə Qafqaz Universitetinin rektoru A.Sanıça təşəkkür elan edilsin.
5. Olimpiada qalibləri və Münsiflər heyətinin sədrləri üçün xüsusi mükafatları təsis edən, habelə olimpiadanın keçirilməsində yaxından iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevə, sədr müavinləri Hümbət Nağıyevə və Şaiq Əsgərova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
6. Ali təhsil müəssisələrinin rektorlarına:
6.1. Olimpiadanın keçirilməsi və tələbə işlərinin qiymətləndirilməsində səmərəli fəaliyyət göstərmiş Münsiflər heyəti üzvlərinin və bu işə cəlb olunan müəllimlərin (əlavə 3) büdcədənkənar vəsaitlər hesabına 100 AZN məbləğində pulla mükafatlandırılması tövsiyə edilsin.
6.2. Tələbələrin müxtəlif respublika və beynəlxalq fənn olimpiadalarına hazırlanması sahəsində müntəzəm işin aparılması tapşırılsın.
7. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova):
7.1. Tələbələrin XVII Respublika fənn olimpiadasının qalibləri üçün hazırlanmasını və hədiyyələrin alınmasını təmin etsin.
7.2. Olimpiada işinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb 3 ay müddətində Nazirliyin rəhbərliyinə təqdim etsin.
7.3. Bu əmrin əlavələri ilə birlikdə “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc edilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) olimpiada qaliblərinin siyahısının “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
Əsas: müvafiq dərkənarla Elm şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı və uyğun fənlər üzrə Münsiflər heyətinin qərarları.
 
 
Misir MƏRDANOV, 
Azərbaycan Respublikasının təhsil naziri 
31 may 2012-ci il 
№ 1003

 
Əlavə: