Elmi-Metotik Şuranın strukturunun, Rəyasət Heyəti və bölmələrin tərkibinin təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının Rəyasət Heyəti və bölmələrinin tərkibi, habelə Elmi-Metodik Şura haqqında Əsasnamə Təhsil nazirinin 24 aprel 2007-ci il tarixli, 356 nömrəli əmri ilə təsdiq edilmişdir.
Elmi-Metodik Şuranın strukturunda 48 nəfərdən ibarət Rəyasət Heyəti və müxtəlif ixtisasları əhatə edən 35 bölmə yaradılmış və fəaliyyət göstərmişdir. Görkəmli alim və elm xadimlərinin rəhbərlik etdikləri bölmələrə ali təhsil müəssisələrinin aparıcı alimləri, ümumi və məktəbəqədər təhsil müəssisələrinin müəllim və metodistləri daxil edilmişdir. Bölmələrin fəaliyyəti haqqında hesabatlar müvafiq illər üzrə toplanmış və təhlil edilmişdir.
EMŞ-nin bölmələrinin fəaliyyəti onların iş planlarına və Təhsil Nazirliyindən daxil olan məktublara uyğun qurulmuş, iclaslar protokollaşdırılmışdır.
Təhsil Nazirliyinə təqdim edilmiş hesabatlara görə 2007-2010-cu illər ərzində EMŞ-nin bölmələrinə ümumilikdə 2822 məktub daxil olmuş və 1438 iclas keçirilmişdir. Bölmələrin təşəbbüsü ilə 539 məsələyə baxılmış, o cümlədən elmi-tədqiqat işlərinin vəziyyəti ilə bağlı 265, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə dair 152 məsələ müzakirə edilmiş, normativ sənədlərin layihələrinə 279 təklif verilmişdir. Bundan əlavə, 3739 adda dərslik, dərs vəsaiti və fənn proqramları müzakirə edilərək, müvafiq qərarlar çıxarılmışdır.
Hesabatların təhlilinə əsasən “Əczaçılıq, farmakologiya və tibbi kimya” bölməsinin fəaliyyəti səmərəli olmamışdır. Belə ki, 4 il ərzində cəmi 16 məktub daxil olmuş, 7 iclas keçirilmiş və 1 məsələyə baxılmışdır. Tibb sahəsində iki bölmə fəaliyyət göstərmişdir.
EMŞ-nin bölmələrində dərsliklərin müzakirəsi aşağıdakı istiqamətlərdə aparılmışdır: a) təqdim olu­nan yeni dərsliklər; b) hazırda istifadə edilən dərsliklərdə mövcud olan qüsurlar; c) gələcək­də yeni dərsliklərə olan tələbat.
2009-cu ildə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi tərəfindən EMŞ-nin bölmələrində dərslik, dərs vəsaiti və proqramlara qrif verilməsi məsələləri araşdırılmış və bir sıra qüsurlar aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, əlyazmaların bəzi bölmələrdə müzakirəsi bir çox hallarda səthi aparılır, təkrarçılığa və plagiatçılığa göz yumulur, yenilikləri əks etdirməyən, məzmun baxımından müasir tələblərə cavab verməyən və müvafiq tədris proqramları ilə uzlaşmayan, elmi və üslubi cəhətdən qüsurlu olan materiallar qısa müddətdə nəşrə tövsiyə edilir və onlara qrif verilməsi barədə bölmənin rəyi Nazirliyə təqdim olunur.
Bu məsələ Təhsil Nazirliyində EMŞ-nin bölmə sədrlərinin iştirakı ilə müzakirə edilmiş və “Elmi-Metodik Şuranın fəaliyyətinin yaxşılaşdılılması barədə” Təhsil nazirinin 11 noyabr 2009-cu il tarixli, 1278 nömrəli əmri hazırlanaraq yerlərə göndərilmişdir.
Elmi-Metodik Şuranın 4 illik fəaliyyəti müddətində bölmələrin tərkibində qismən dəyişikliklər edilmiş, bəzi bölmə üzvləri tərkibdən çıxarılmış və onlar yeni üzvlərlə əvəz edilmişdir. EMŞ-nin bölmələrinin yeni tərkibinin formalaşmasında bölmə sədrləri tərəfindən qaldırılan bu və ya digər məsələlər öz əksini tapmışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası haqqında Əsasnamə”nin 5.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının strukturu (əlavə 1), Rəyasət Heyətinin (əlavə 2) və bölmələrinin tərkibi (əlavə 3) təsdiq edilsin.
2. Qeyd edilsin ki, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmələri fəaliyyət dövründə öz vəzifələrinin öhdəsindən gələ bilmiş, təhsil müəssisələrində istifadə olunan dərsliklərin və tədris-metodik ədəbiyyatın müasir tələblərə uyğun hazırlan­ma­sını təmin etmişdir.
3. EMŞ-nin bölmə sədrlərinə tapşırılsın:
3.1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası haqqında Əsasnamə”də nəzərdə tutulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi təmin olunsun.
3.2. Təhsil sahəsində aparılan islahatların, müvafiq Dövlət Proqramlarının həyata keçirilməsində bölmələrin fəal iştirakı təmin edilsin.
3.3. Bölmələrdə müzakirə olunmuş və müsbət rəy verilmiş əlyazmalara dair məlumat bazasının yaradılması təşkil edilsin.
3.4. Bölmədə müzakirə edilərək qrif almış və nəşr olunmuş dərslik, tədris-metodiki vəsaitlərin və fənn proqramlarının çap olunmuş bir nüsxəsinin həmin bölmədə saxlanılması təmin olunsun.
3.5. Hər ilin sonunda bölmənin işləri haqqında hesabat Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim edilsin.
4. Aşağıdakı bölmələrin adı və ya strukturu dəyişdirilsin:
4.1. “İnformatika və kompyuter texnologiyası” bölməsi “Kompyuter elmləri” bölməsi adlandırılsın;
 4.2. “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab­şü­naslıq və kitabxana işi” bölməsi “Kitabxanaşünaslıq – informasiya və kitabxana işi” bölməsi adlandırılsın;
4.3. “Kənd təsərrüfatı” bölməsi “Kənd təsərrüfatı və aqrar iqtisadiyyatı” bölməsi adlandırılsın;
4.4. “Əczaçılıq, farmakologiya və tibbi kimya”, “Tibbi-nəzəri elmlər” və “Tibbi klinik elmlər” bölmələri birləşdirilərək “Tibb və əczaçılıq elmləri” bölməsi adlandırılsın.
5. Ali təhsil müəssisələrinin rektorlarına tapşırılsın ki, rəhbərlik etdikləri ali təhsil müəssisələrində çalışan Elmi-Metodik Şuranın bölmə sədrlərinin və müvafiq bölmənin normal fəaliyyət göstərməsi üçün lazımi iş şəraitinin yaradılmasını təmin etsinlər.
6. Elm şöbəsinə tapşırılsın:
6.1. EMŞ-nin bölmələrinin işinin əlaqələndirilməsini həyata keçirsin.
6.2. EMŞ-nin Rəyasət Heyəti və bölmələrinin hesabatlarını hər ilin əvvəlində ümumiləşdirilərək Nazirliyin rəhbərliyinə müvafiq arayış təqdim etsin.
 6.3. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin monitorinqinin keçirilməsi və prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsinə EMŞ-nin bölmələrinin cəlb edilməsi barədə təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin.
7. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan yeni proqram, dərslik və dərs vəsaitlərinin bir məcburi nüsxəsini (elektron daşıyıcılarda əlavə olunmaqla) və bütün elektron tədris vəsaitlərinin bir nüsxəsini Respublika Elmi Pedaqoji Kitabxanasına təqdim edilməsini təmin etsin.
8. Respublika Elmi Pedaqoji Kitabxanasına (T.İsmixanova) tapşırılsın:
8.1. Kitabxanada dərslik fondunun yaradılmasını təşkil etsin.
8.2. Yeni dərsliklərin və tədris-metodik vəsaitlərin elektron kataloqunun yaradılmasını təmin etsin.
8.3. Virtual dərslik kitabxanasının yaradılması barədə təkliflər hazırlayıb bir ay müddətində Təhsil Nazirliyinə təqdim etsin.
   9. Bu əmrdən irəli gələn məsələlərin həlli Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın.
10. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 aprel 2007-ci il tarixli, 356 nömrəli əmri (əlavə 1 istisna olmaqla), qüvvədən düşmüş hesab edilsin.
11. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavələri ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 
12. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
     
Əsas: müvafiq dərkənarla Elm şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı. 
 
                                                                                             
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
09 aprel 2012-ci il
№534

 
Əlavə: