Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasının qərarı

 
Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasının yekunları barədə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2007-ci il tarixli 1308 nömrəli əmrinə əsasən Ali məktəb tələbələrinin XIII Respublika fənn Olimpiadasının I turu 2008-ci ilin aprel ayında ali məktəblər tərəfindən, II – res­pub­lika turu isə oktyabr ayının 21-də Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında 10 fənn (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili) üzrə  keçirilmişdir.
Olimpiadanın birinci tur­unda hər bir ali məktəb öz tələbələri ara­sın­da müvafiq fənlər üzrə yarış keçi­rərək ən bilikli tələbələri seçmiş və onların II turda iştirak etməsini tövsiyə etmişdir.
Olimpiadanın yekun turunda iştirak etmək hüququnu 28 ali məktəbdən 448 tələbə qazanmışdır. Keçən ilə nisbətən olimpiadanın II turuna sifariş göndərən ali məktəblərin sayı 21-dən 28-ə qədər artmışdır. Həmin ali məktəblər sırasında Bakı şəhərində yerlə­şən aparıjı təhsil müəssisələri ilə yanaşı, respublikamızın digər şəhərlərində - Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən ali məktəblər də vardır. Cari ildə qeyri-dövlət ali məktəbləri də olimpiadanın I turunun keçirilməsində fəal iştirak etmişdir. Onlardan Qafqaz Universiteti, Odlar Yurdu Univer­si­teti, Bakı Qızlar Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri II tura vəsiqə qazanmışlar.
Həmin tələbələrdən 318 nəfəri, o cümlədən riyaziyyatdan – 37 (11,6%), fizikadan – 32 (10,1%), kimyadan – 23 (7,2%), informatikadan – 29 (9,1%), Azərbaycan dilindən – 46 (14,5%), Azərbaycan tarixindən – 39 (12,3%), Azərbaycan coğrafiyasından – 18 (5,7%), ingilis dilindən – 60 (18,9%), alman dilindən – 16 (5,0%), fransız dilindən – 18 (5,6%) tələbə olimpiadanın ikinci turunda iştirak etmişdir. Təhlil göstərir ki, tələbələr tərəfindən ən böyük maraq ingilis dili və Azərbaycan tarixi fənlərinə olmuşdur.
Azərbaycan Respublikasının təhsil naziri sədrlik etdiyi Təşkilat Komitəsinin və gprkəmli alimlərdən ibarət Münsiflər heyətinin səmərəli fəaliyyəti nəticəsində olimpiada iştirakçılarının işləri bütün fənlər üzrə qısa müddət ərzində yoxlanılmış, qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Münsiflər heyətinin qərarına görə 1-ci yerə 9 tələbə, 2-ci yerə 19tələbə, 3-cü yerə 29 tələbə, həvəsləndirici mükafata 25 tələbə layiq görülmüşdür.
Təhlil göstərir ki, ali məktəb tələbələri arasında keçirilən fənn olimpiadasının qaliblərinin əksəriyyəti məktəb illərində şagirdlər üçün keçirilən olimpiadalarda, müsabiqələrdə və yarışlarlda iştirak etmiş və müxtəlif mükafatlar qazanmış tələbələrdir. 
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərənjamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-ci illər)»nda və bu Proqramın icrası üzrə Təhsil Nazirliyinin Fəaliyyət planında elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanmış gənclər üçün xüsusi mükafatların təsis edilməsi nəzərdə tutulub. Buna görə də Təhsil Nazirliyinin ənənəvi tədbirlərindən biri olan ali məktəb tələbələrinin növbəti fənn olimpiadasının qalibləri üçün Təhsil Nazirliyinin mükafatları ilə yanaşı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin də xüsusi mükafatlarının təsis edilməsi barədə birgə qərar qəbul edilmişdir.
Təşkilat komitəsi, eləcə də baza ali məktəbi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən olimpiadının keçirilməsi üçün müvafiq şərait yaradılmış və lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.
Təhsil Nazirliyinin Elm şöbəsi tərəfindən Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasının keçirilməsi, münsiflər heyətinin işinin təşkili, müvafiq sənədlərin hazırlanması və məlumat bazasının yaradılması sahəsində bütün lazımi işlər görülmüş, münsiflər heyətinin üzvləri ilə birgə olimpiada məsələləri və sualları, eləcə də olimpiada iştirakçıları və qalibləri barədə məlumat bankı yaradılmışdır. 
                Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM
 
1. Fənlər üzrə Münsiflər heyətinin qərarları əsasında müəyyənləşdirilmiş Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadası qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1).
2. Olimpiadanın keçirilməsi və tələbələrin biliklərinin qiymətləndirilməsi işində səmərəli fəaliyyət göstərmiş Münsiflər heyətinin  üzvlərinin və bu işə cəlb olunan müəllimlərin  (əlavə 2) daxili vəsait hesabına 100 AZN məbləğində pul məbləği ilə rəğbətləndirilməsi ali məktəb rektorlarına tövsiyə edilsin.
3. Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasının II turunun Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə həmin universitetin rektoru AMEA-nı müxbir üzvü, professor  Yusif Məmmədova və elmi işlər üzrə prorektoru professor Vilayət Əlievə təşəkkür elan edilsin.
4. Olimpiada qalibləri, onları hazırlaşdıran müəllimlər və münsiflər heyətinin sədrləri üçün xüsusi mükafatları təsis edən və olimpiadanın keçirilməsində yaxından iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevə, sədr müavinləri Hümbət Nağıyevə və Şaiq Əsgərova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
5. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
5.1. Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadası qalibləri üçün diplomların hazırlanmasını və hədiyyələrin alınmasını qısa müddətdə təmin etsin.
5.2. Təhsil Nazirliyinin «Tələbə olimpiadası qalibləri» məlumat bankının yaradılması istiqamətində işlər davam etdirilsin.
5.3. Ali məktəblərdə tələbələrin müxtəlif respublika və beynəlxalq fənn olimpiadalarına hazırlanması ilə əlaqədar müntəzəm iş aparılsın və Nazirliyin rəhbərliyinə təqdim edilsin.
5.4. Olimpiadaların hazırlanması, təşkili, keçirilməsi və yekunlaşdırılmasına, eləcə də münsiflər heyətinin işinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb Nazirli­yin rəhbərliyinə təqdim edilsin..
5.5. Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasının keçirilməsi haqda təkliflər hazırlanıb 15 dekabr 2008-ci il tarixə qədər Nazirliyin rəhbərliyinə təqdim edilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin «Təhsil xəbərləri» məlumat-informasiya məjmuəsində, olimpiada qaliblərinin siyahısının «Azərbaycan müəllimi» qəzetində dərc edilməsini və Nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.
Əsas: müvafiq dərkənarla nazir müavini İ.Hüseynovanın təqdimatı və uyğun fənlər üzrə Münsiflər heyətinin qərarları.   
 

Misir Mərdanov
Təhsil naziri
06.11.2008

№1216


 
2. Ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasının münsiflər heyətinin işində iştirak etmiş şəxslərin siyahısı