“Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 nömrəli qərarının elan olunması və icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli,
22 nömrəli qərarının elan olunması və icrası barədə
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 nömrəli qərarını elan edirəm:
 
“Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
№ 22
Bakı şəhəri, 2 fevral 2011-ci il
 
Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında
 
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə aşağıdakı   həcmdə saat normaları müəyyən edilsin:
1.1. elmlər doktoru elmi dərəcəsi üzrə - 40 saat;
1.2. fəlsəfə doktoru elmi dərəcəsi üzrə - 20 saat.
2. Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri “Büdcədən məliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilsin.
3. Müəyyən edilsin ki, dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir
 
Azərbaycan Respublikasının
Baş naziri:
A.Rasi-zadə”
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDIRƏM:
 
1. “Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azər­baycan müəllimi”        qəzetində, “Təhsil xəbərləri” məlumat-in­formasiya məcmuəsində dərc olunmasını və Nazirliyin inter­net saytında yerləşdirilməsini təmin etsin.
3.  Ümumi şöbə (H.Məmmədova) əmrin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə olunsun.
 
 Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 fevral 2011-ci il
№290