Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 mart 2010-cu il tarixli, 333 nömrəli əmrinə, habelə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 31.03.2010-cu il tarixli, 334 nömrəli qərarına əsasən Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının I turu 2010-cu ilin aprel ayında ali məktəblər tərəfindən, II –yekun turu isə may ayının 26-da Azərbaycan Texniki Universitetinin bazasında 11 fənn (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) üzrə keçirilmişdir.
Olimpiadanın birinci turunda hər bir ali məktəb öz tələbələri arasında müvafiq fənlər üzrə yarış keçirərək ən bilikli tələbələri seçmiş və onların II turda iştirak etməsini tövsiyə etmişdir.
Növbəti olimpiadaya vəsiqə qazanan tələbələrin sayı ötən olimpiadaya nisbətən artmışdır. Belə ki, 2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbə vəsiqə qazanmışdısa, XV fənn olimpiadasının yekun turuna 34 ali məktəbdən 630 tələbə vəsiqə qazanmışdır. Olimpiadanın yekun turunda iştirak edən ali məktəblər sırasında Bakı şəhərindəki təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali məktəblər də vardır. Olimpiadada iştirak edən qeyri-dövlət ali məktəblərinin də sayı artmışdır. Belə ki, ötən olimpiadanın yekun turunda 5 qeyri-dövlət ali təhsil müəssisəsi iştirak etmişdisə, bu il onların sayı 8-ə çatmışdır.
II tura vəsiqə qazanmış tələbələrdən 458 nəfəri, o cümlədən riyaziyyatdan – 62(13,5%), fizikadan – 35(7,6%), kimyadan – 31 (6,8%), informatikadan – 51 (11,1%), Azərbaycan dilindən – 56(12,2%), Azərbaycan tarixindən – 59 (12,9%), Azərbaycan coğrafiyasından – 31 (6,8%), ingilis dilindən – 75 (16,4%), alman dilindən – 23(5,0%), fransız dilindən – 20(4,4%), rus dilindən – 15 (3,3%) nəfəri olimpiadanın ikinci turunda iştirak etmişdir. Təhlil göstərir ki, tələbələr tərəfindən ən böyük maraq ingilis dili, riyaziyyat və Azərbaycan tarixi fənlərinə olmuşdur.
Təşkilat komitəsinin və Münsiflər heyətinin səmərəli fəaliyyəti nəticəsində olimpiada iştirakçılarının işləri bütün fənlər üzrə qısa müddət ərzində yoxlanılmış, qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Münsiflər heyətinin qərarına görə 1-ci yerə 11 tələbə, 2-ci yerə 22 tələbə, 3-cü yerə 33 tələbə, həvəsləndirici mükafata 40 tələbə layiq görülmüşdür.
Təşkilat komitəsi, eləcə də baza ali məktəbi olan Azərbaycan texniki Universitetinin rəhbərliyi tərəfindən olimpiadanın keçirilməsi üçün müvafiq şərait yaradılmış və lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.
Təhsil Nazirliyinin Elm şöbəsi tərəfindən Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının keçirilməsi, münsiflər heyətinin işinin təşkili, müvafiq sənədlərin hazırlanması və məlumat bazasının yaradılması sahəsində bütün lazımi işlər görülmüş, münsiflər heyətinin üzvləri ilə birgə olimpiada məsələləri və sualları, eləcə də olimpiada iştirakçıları və qalibləri barədə məlumat bankı yaradılmışdır.
Görülən işlərlə yanaşı, Ali məktəb tələbələrinin fənn olimpiadasının hazırlanmasında və keçirilməsində müəyyən problemlər və çatişmazlıqlar da qalmaqdadır. Olimpiadaya hazırlıq işi bir sıra ali məktəblərdə sistematik aparılmır, fənlər üzrə olimpiadaya hazırlıq qrupları fəaliyyət göstərmir, I turda bəzi ali məktəblər tərəfindən seçim düzgün aparılmadığından onların II turda iştirak edən tələbələrinin biliyi 0 bal ilə qiymətləndirilir, II tura vəsiqə qazanmış tələbələrin bəziləri həmin turda iştirak etmir və s.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Fənlər üzrə Münsiflər heyətinin qərarları əsasında müəyyənləşdirilmiş Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadası qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1).
2. Olimpiadanın keçirilməsi və tələbələrin biliklərinin qiymətləndirilməsi işində səmərəli fəaliyyət göstərmiş Münsiflər heyəti üzvlərinin (əlavə 2) daxili vəsaitlər hesabına 100 AZN məbləğində pul mükafatı ilə rəğbətləndirilməsi ali məktəb rektorlarına tövsiyə edilsin.
3. Nəzərə alınsın ki, Münsiflər heyətinin sədrlərinə (əlavə 3) və olimpiadada I, II, III yerlərə layiq görülmüş tələbələrə (əlavə 1) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları təqdim ediləcəkdir.
4. Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının II turunun Azrbaycan Texniki Universitetində keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə həmin universitetin rektoru professor Havar Məmmədova və elmi işlər üzrə prorektoru , AMEA-nın müxbir üzvü Anad Əlizadəyə təşəkkür elan edilsin.
5.Olimpiada qalibləri və münsiflər heyətinin sədrləri üçün xüsusi mükafatları təsis edən, habelə olimpiadanın keçirilməsində yaxından iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevə, sədr müavinləri Hümbət Nağıyevə və Şaiq Əsgərova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
6.Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
6.1 Ali məktəb tələblərinin XV Respublika fənn olimpiadasının qalibləri üçün diplomların hazırlanmasını və hədiyyələrin alınmasını təmin etsin.
6.2 Təhsil Nazirliyinin “Tələbə olimpiadası qalibləri” məlumat bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilsin.
6.3 Ali məktəblərdə tələbələrin müxtəlif respublika və beynəlxalq fənn olimpiadalarına hazırlaşması ilə əlaqədar müntəzəm iş aparılsın və Nazirliyin rəhbərliyinə bu barədə vaxtaşırı məlumat verilsin.
6.4 Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqda təkliflər hazırlanıb 01 dekanr 2010-cu il tarixə qədər Nazirliyin rəhbərliyinə təqdim edilsin.
7. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində, olimpiada qaliblərinin siyahısının “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
8. Ümumi şöbə (H.Məhərrəmova) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.
Əsas: müvafiq dərkənarla nazir müavini İ.Hüseynovanın təqdimatı və uyğun fənlər üzrə münsiflər heyətinin qərarları.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri 
01.07. 2010-cu il
 № 960