Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransına təqdim ediləcək elmi-tədqiqat işlərinin tərtib olunma Qaydaları

1. Ümumi müddəalar
 
1.1. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (bundan sonra – konfrans) gənclərin elmi yaradıcılığa fəal surətdə cəlb edilməsi, onların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.
1.2. Konfransın istiqamətləri aşağıdakılardır:
- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter texnikası, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);
1.3. Konfransın keçirilməsi üçün Təşkilat komitəsi yaradılır. Təşkilat komitəsində respublikada fəaliyyət göstərən ali məktəb rektorları, nüfuzlu elm xadimləri təmsil olunurlar. 
 
2. Konfrans iştirakçıları
 
2.1. Konfransda hüquqi-təşkilati formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan 35 yaşa qədər doktorantlar, dissertantlar o cümlədən əcnəbi tədqiqatçılar iştirak edə bilərlər.
2.2. Konfrans iştirakçıları ali məktəblər tərəfindən göndərilir. Hər iştirakçı yalnız bir iş təqdim edə bilər.
2.3. Konfrans iştirakçıları əlavə göstərilən forma üzrə “anket”i doldurub 3 səhifədə yazılmış məruzə tezisinə əlavə etməlidir.
2.4. Konfrans iştirakçıları Təşkilat komitəsi tərəfindən seçilir.
 
3. Məruzələrə qoyulan tələblər:
 
3.1. Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. İşlərin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir. 
3.2. Konfransa təqdim olunan  məruzə  aşağıdakı tələblərə cavab verməlidir:
-  Məruzə Azərbaycan və ya rus dilində yazılmalı və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilməlidir;
-. Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 14, interval – 1,5) yığılmalı, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunmalıdır;
- Məruzənin mətni 3 səhifədən artıq olmamalıdır.
- Mətnin əvvəlində məruzənin adı və ardıcıl olaraq doktorantın soyadı, adı və atasının adı, ali məktəbin adı yazılmalıdır.
Məruzələrdə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələrin göstərilməsi vacibdir. İstinad və mənbələr bu qaydada göstərilir:
1. Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
2. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
3. Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
 
Kitablar üçün –müəllif, nəşrin adı. Nəşr olunduğu yer, il,
Məsələn: Mərdanov M. C. Davamlı inkişaf və təhsil. Bakı,  Çaşıoğlu, 2007.
 Qəzet, jurnal və ya məcmuə məqalələri üçün: Müəllif, məqalənin adı,cap olunduğu nəşr, nəşrin  nömrəsi, çap olunduğu tarix və  səhifələr.
Məsələn: Mərdanov M. C. Azərbaycan təhsili: yaxın keçmişə,  bu günə və gələcəyə bir baxış,  “Azərbaycan müəllimi” qəzeti, 2 iyul 2010, №25 (8389), səh.1-3.
 
1. İstinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir
Məsələn ( 3, cəh.116).
Məruzənin sonunda məqalənin yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə ingilis və rus dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində  xülasə verilməlidir.
Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 2 mütəxəssisin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının, (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunmalıdır.
 
3.5. Tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda işlər geri qaytarılmır.
 
4. Konfransın gedişatı
 
4.1. Konfransın işi bölmələr üzrə aparılır. Bölmələrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş sədr və həmsədrlər rəhbərlik  edir.
4.2. Tədqiqatçılar müvafiq bölmələrdə öz məruzələri ilə çıxış edirlər. Məruzəyə bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra, müəllifə imkan verilir ki, o, sualları cavablandırsın və aldığı nəticələri müdafiə edə bilsin. 
4.3. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilərlər.
4.4. Konfransda çıxış edən tədqiqatçıların məruzəsi sədr və həmsədrlər tərəfindən qiymətləndirilərək, protokollaşdırılır.