Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 iyun 2009-cu il tarixli  682  nömrəli əmrinə əsasən 2009-cu il 4-5 dekabr tarixlərində Təhsil Nazirliyinin   təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin bazasında Doktorantların və  gənc tədqiqatçıların  XIV Respublika elmi konfransı keçirilmişdir.  Konfransın bölmə iclaslarının aparılmasına və məruzələrin elmi səviyyəsinin qiymətləndirilməsinə görkəmli alimlər cəlb edilmişdir.
Təşkilat komitəsinə 20 ali məktəbdən 298 məruzə tezisi göndərilmiş və həmin məruzələrin adları proqrama daxil edilmişdir.
Konfransın 19 bölməsində  222 məruzə dinlənilmiş və müzakirə edilmişdir. Məruzəçilərdən 58 nəfəri elmi işinin aktuallığı, yeniliyi və mövzusunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənmişdir. Təşkilat komitəsinin qərarına əsasən  konfransda dinlənilmiş və bölmə sədrləri tərəfindən nəşrə layiq görulmuş məruzə tezislərinin Doktorantların və gənc tədqiqatçıların  XIV Respublika elmi konfransının materiallarına daxil edilməsi və  nəşr olunması nəzərdə tutulmuşdur.
Azərbaycan Dillər Universitetinin rəhbərliyi tərəfindən konfransın keçirilməsi üçün müvafiq şərait yaradılmış və lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq doktorantlar və gənc tədqiqatçılar üçün keçirilən respublika elmi konfranslarının ali məktəblərdə gənc alimlərin hazırlanmasına müsbət təsiri qeyd edilsin.
2. Bölmə sədrlərinin rəyinə əsaslanaraq Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında dinlənilmiş məruzələrin elmi səviyyəsinin ümumilikdə keçən konfransa nisbətən daha yüksək olması müsbət hal kimi qeyd edilsin.
3. Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının bölmə sədrlərinə və həmsədrlərə (əlavə 1) bölmənin işinin təşkilində səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
4. Bölmə sədrlərinin qərarlarına əsasən Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirak etmiş  doktorant və gənc tədqiqatçılara  (əlavə 2) Təşkilat Komitəsinin sertifikatları təqdim edilsin.
5. Bölmə sədrlərinin qərarlarına əsasən Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında ən yaxşı məruzə ilə çıxış etmiş aşağıda adları göstərilən doktorant və gənc tədqiqatçılar noutbukla mükafatlandırılsın:
- Nağıyev Elnur Vaqif oğlu, Bakı Dövlət Universitetinin doktorantı,   “Kürün aşağı axınında yerləşən şəhərlərin ekoloji şəraitinə görə qiymətləndirilməsi” məruzəsinə görə; 
- Əsgərova Nuranə Şakir qızı, Azərbaycan Dillər Universitetinin doktorantı, “Subtitr və onun tərcüməsi” məruzəsinə görə;
- Novruzova Gülnar Vəli qızı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı, “Kanalların çöküntülərdən təmizlənməsinin əsas xüsusiyyətlərinin tətbiqi” məruzəsinə görə;
- Salamov Əlisgəndər Akif oğlu, Azərbaycan Texniki Universitetinin doktorantı, “Külək mühərriklərində istifadə olunan rotorlu və qanadlı pərlərin müqayisəli analizi” məruzəsinə görə;
- Səmədov Samir Bəxtiyar oğlu,  Bakı Dövlət Universitetinin doktorantı,  “Исследование проблемы отказоустойчивости распределенных систем” məruzəsinə görə.
6. Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının Azərbaycan Dillər Universitetində keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə həmin universitetin rektoru, professor Səməd Seyidova və elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
7.  Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
7.1. Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materialları nəşrə hazırlanıb çap olunmaq məqsədilə Azərbaycan Dillər Universitetinə təqdim edilsin.
7.2. Bu əmrin 2 nömrəli əlavəsində adları çəkilən doktorant və gənc tədqiqatçılar üçün müvafiq sertifikatların  hazırlanması təmin edilsin.
7.3. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının keçirilməsi haqqında təkliflər hazırlanıb 10 fevral 2010-cu il tarixə qədər Nazirliyin rəhbərliyinə təqdim edilsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Təhsil xəbərləri» məlumat-informasiya məcmuəsində, konfransda fərqlənmiş doktorantların və gənc tədqiqatçıların siyahısının «Azərbaycan müəllimi» qəzetində dərc edilməsini və Nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
9. Ümumi şöbə əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.
Əsas:  bölmə sədrlərinin hesabatları. 
                                                                      
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri 
21 dekabr 2009-cu il
 № 1413

Əlavə