AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 2008-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABATI

Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezident vurğulayır ki, «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik». Bu mənada «təhsil əsri» elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir.
Son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Ölkəmizdə təhsilə dövlət qayğısının nəticəsidir ki, son beş ildə təhsil sektoruna ayrılan büdcə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard təşkil etmiş, 2009-cu ildə isə 1,3 milyard manat proqnozlaşdırılmışdır, investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata çatmışdır.
Təhsil tariximizdə ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və buna müvafiq yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
            Əlbəttə, son illərin ən uğurlu və əhəmiyyətli nəticələri ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Dövlət başçısının diqqət və qayğısı nəticəsində həmin dövrdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən biridir. Məktəblərin tikintisi, əsaslı təmiri, təchizatı sahəsində tədbirlr artıq intensiv xarakter almışdır və ardıcıl davam etdirilir. Yalnız 2008-ci ildə 161 yeni məktəb istifadəyə verilmiş, 129 məktəb əsaslı təmir edilmişdir. Beləliklə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir.
Çox əlamətdardır ki, genişmiqyaslı məktəb tikintisi ilə yanaşı məktəblərin təmirinə və təchizatına dövlət qayğısı sayəsində bu dövrdə 300-dək məktəb əsaslı təmir edilmiş, yeni tikilən və əsaslı təmir edilən məktəblərlə bərabər, daha 506 məktəb də müasir avadanlıqlarla təmin olunmuşdur. Ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı 600 olmuşdur.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan «Yeniləşən Azərbaycana yeni məktəb» və «Uşaq evləri və internat məktəbləri» proqramları çərçivəsində 43770 şagird yerlik 226 yeni məktəb tikilmişdir. 39 məktəb, o cümlədən xususi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunub müasir avadanlıqlarla təmin edilmiş, 8 uşaq bağçasında bərpa işləri aparılmışdır.
Eyni zamanda ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”ına əsasən 2008-2012-ci illərdə zəruri ehtiyac nəzərə alınmaqla daha 450 məktəb üçün yeni binanın inşası, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Bunların nəticəsi olaraq əsas hədəfimiz çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraiti yaradılmasından ibarətdir.
Məktəblərimizin maddi-tədris bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılacaqdır. 
Məlumdur ki, təhsilin keyfiyyəti onun məzmununun nə dərəcədə dəqiq, tələbata uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Son illərdə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirdiyimiz islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsədimiz şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud «yaddaş məktəbi»ndən «təfəkkür və düşüncə məktəbi»nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.
Müasir dövrün reallığı budur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisələrin əzbərlənməsinə, nəzəri materialların mənimsənilməsinə deyil, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərarqəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir.