Məktəbə hazırlığın təşkili qaydaları

“MƏKTƏBƏ HAZIRLIĞIN TƏŞKİLİ QAYDALARI"NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Məktəbə hazırlığın təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 8 yanvar 2010-cu il
№ 4

  
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM :
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
 
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
- Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili “Qaydaları”ndan irəli gələn tələblərin həyata keçirilməsini təmin etsinlər.
 
3. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.
 
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
 
5. Əmrə nəzarəti öz üzərimə götürürəm. 
Misir Mərdanov
№ 128
02.02.2010


Məktəbə hazırlığın təşkili Qaydaları

1. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.
1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.
1.3. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.
1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.
1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
1.6. Beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.
1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.
1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.
 
2. Məktəbə hazırlığın məqsəd və vəzifələri
 
2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
 
3. Məktəbə hazırlığın təşkili üçün qoyulan tələblər
 
Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:
məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;
məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;
gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;
uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:
 
fiziki hazırlıq:
uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;
hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;
fiziki və əqli qabiliyyətin inkişafı;
 
şəxsiyyətyönümlü hazırlıq:
müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;
başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;
müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;
ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;
 
intellektual hazırlıq:
obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;
idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək;               
prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.
 
 sosial hazırlıq:
yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;
öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.
 
4. Uşaqların məktəbə hazırlığının təşkili
 
4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.
4.2. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır.
O cümlədən:
 
Ana dili və bədii ədəbiyyat üzrə iş 1 məşğələ
Savad təliminə hazırlıq və nitq inkişafı 1 məşğələ
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi) 1 məşğələ
Azərbaycan (rus) dili 2 məşğələ
Sadə riyazi təsəvvürlərin inkişafı 1 məşğələ
Təsviri sənət və kəsib yapışdırma (həftəaşırı) 1 məşğələ
Quraşdırma, gil işi (həftəaşırı) 1 məşğələ
Musiqi 2 məşğələ
Fiziki mədəniyyət 2 məşğələ
 
 Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.
4.3. Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur.