02.11.2017

“Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsi

Tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və digər işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsini elan edir.

 

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.

 

Müsabiqədə iştiraka dair tələblər:

• Tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 2 illik təcrübəyə malik olmaq;

• Təqdim ediləcək layihələr ali təhsil müəssisələrində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir;

• Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər.

 

Layihələrin təqdim edilməsi:

Layihə təklifləri 10 noyabr 2017-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

• Təşkilatın Nizamnaməsinin surəti;

• Təşkilatın dövlət reyestrindən çıxarışının surəti;

• Təşkilatın VÖEN-nin surəti;

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat;

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV).

 

Qiymətləndirmə meyarları:

1. Qurumun təcrübəsi;

2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması;

3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;

4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;

5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 2 noyabr 2017-ci il tarixdən başlayır, 10 noyabr 2017-ci il saat 18:00-da isə  başa çatır.