“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” Respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin etsin.
6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2015-ci il üçün fəaliyyət planı.
 
 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 yanvar 2015-ci il
№ 36

 
 
Əlavə: